Mədəniyyət
Adil Kərimli: "Azərbaycan və dünya mədəniyyəti böyük itki ilə üzləşib"
"Bu gün Azərbaycan və dünya mədəniyyəti böyük itki ilə üzləşib". Oxu.Az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli Tofiq Bakıxanovla vida mərasimində deyib. O bildirib ki, Tofiq Bakıxanovun nəinki Azərbaycan, dünya mədəniyyətinin inkişafında misilsiz rolu olub: "Onun çoxşaxəli fəaliyyəti, yetişdirdiyi tələbələr, zəngin irsi yaşamağa davam edəcək. Tofiq müəllimin təvəzökarlığı əsərlərində əks olunub. Çox böyük fenomenal yaddaşa malik bir şəxsiyyət idi. Bütün hadisələri o qədər detallı şərh edirdi ki, onun söhbətinə qulaq asmaq bütün kollektiv, peşəkarlar üçün dəyərli idi". Nazir mərhum ilə sonuncu görüşündən də bəhs edib: "Sonuncu görüşdə kefi çox yaxşı idi. Bir hissiyyatı var idi, bunu bizimlə foto çəkdirmək istəyi ilə göstərmişdi. Bu, başqa bir duyğunu ifadə edirdi". Onun sözlərinə görə, Tofiq Bakıxanovun neftçilərin əməyinə, qəhrəmanlığına həsr olunmuş balet əsəri dünya tarixində bir ilk idi: "Bu sənət nümunəsi Azərbaycan mədəniyyətinin zənginliklərini özündə əks etdirir. Həmin əsər 70-ci illərin əvvəlində Fransada tamaşaya qoyulub və dünya Azərbaycan mədəniyyəti ilə tanış olub. Bir əsərdə Azərbaycan mədəniyyətinin incəliklərini, qəhrəmanlığını, vətənpərvərliyini özündə əks etdirib". Nazir əlavə edib ki, o, zəhmətkeş ömür yaşayıb: "Son ana qədər yazırdı. Elmlə məşğul idi. Pedaqoji fəaliyyətini davam etdirirdi. Tofiq Bakıxanov gənclər üçün böyük bir örnəkdir. Onun fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir, xatirəsi daim yaddaşlarda qalacaq".
Mənbə
oxu.az