Dünya
Peruda nəqliyyat sektoruna qarşı mafiya terroru: 72 sürücü öldürülüb
Peruda sürücülər mafiya tərəfindən edilən hədə-qorxu və pul tələblərinə etiraz olaraq bütün ölkəboyu tətil keçirməyi planlaşdırırlar. Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə sözügedən respublikanın Milli və Beynəlxalq Nəqliyyat İşçiləri Assosiasiyasının (Asotrani) rəhbəri Ernan Mendieta məlumat verib. O bildirib ki, aksiyanın bu ay baş tutması ehtimalı var: "Çünki vəziyyət artıq bu cür davam edə bilməz. Lakin bunun üçün "Asotrani" öz addımlarını digər həmkarlar ittifaqları ilə razılaşdırmalıdır". Məlumata görə, ilin əvvəlindən bəri mafiya ictimai nəqliyyat şirkətlərindən pul tələb edərkən ən azı 72 sürücünü qətlə yetirib. İlkin ödəniş kimi cinayətkar qruplaşma üzvləri 30 min sol (təxminən 15 309 manat), eləcə də hər həftə 5 min sol (təxminən 2 552 manat) məbləğində xərac tələb edirlər. Şərtlər yerinə yetirilmədikdə, motosikletli cinayətkarlar xəbərdarlıq etmədən sürücülərə hücum çəkirlər. Dəstə üzvləri birbaşa marşrut xəttində və ya nəqliyyat vasitələrinin dayandığı yerlərdə odlu silah və partlayıcılardan istifadə edirlər. Bildirilir ki, iş zamanı daim hücuma məruz qalmaq qorxusu bəzi daşıyıcıları odlu silah gəzdirmək üçün lisenziya almağa vadar edib. Bundan əlavə, bu sahədə kütləvi işdən çıxma halları qeydə alınır və marşrutlarda avtobuslara edilən hücumlar tez-tez nəqliyyat vasitələrinin aşması ilə nəticələnir. Təxminən bir ay əvvəl Peruda hakimiyyətə gələn yeni hökumətin bu barədə hələlik konkret fəaliyyət planı yoxdur.
Mənbə
oxu.az