Dünya
Manhettenin mərkəzində 3,9 milyard dollara göydələn həbsxana tikilməsi planlaşdırılır
ABŞ-nin Manhetten şəhərinin mərkəzində təxminən 3.9 milyard dollar dəyərində 16 mərtəbəli həbsxananın tikilməsi planlaşdırılır. Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb. Layihə "Rikers Island" həbsxana kompleksinin bağlanması və şəhər məhkəmələrinin yaxınlığında dörd yeni müəssisənin yaradılmasını nəzərdə tutan 16 milyard dollarlıq genişmiqyaslı proqramın bir hissəsidir. Lakin Çaynataun sakinləri layihəyə qarşı çıxıblar. Onlar genişmiqyaslı yeraltı işlərin ətrafdakı binalara zərər vura biləcəyindən narahatdırlar. Layihənin əleyhdarları Nyu-York meri Zoxran Məmdaniyə və digər şəhər rəsmilərinə yerli təşkilatların 18 nümayəndəsinin imzaladığı məktub göndəriblər. Məktubda tikinti sahəsinin Manhettenin tarixi su hövzəsi olan keçmiş Collect Pond ərazisində, yumşaq və su ilə doymuş torpaqda yerləşdiyi vurğulanıb. Yerli sakinlərin fikrincə, torpağın dərin qazılması və qrunt sularının çıxarılması ərazidə torpağın çökməsinə səbəb ola bilər. Xüsusilə taxta bünövrələr üzərində inşa edilmiş köhnə tikililərlə bağlı narahatlıq ifadə olunub. Aktivistlərin iddiasına görə, həmin konstruksiyalar suyun altında qaldığı üçün qorunub saxlanılır. Qrunt sularının səviyyəsi aşağı düşərsə, taxta konstruksiyaların zədələnə biləcəyi bildirilir. "Risk zonasında olan binalar bizim evlərimiz, kiçik bizneslərimiz, Baxter küçəsindəki tarixi binalar və Çunq Pak qocalar üçün yaşayış yeridir", - deyə Çaynataun nümayəndələri bildiriblər. Bununla belə, şəhər hakimiyyəti tikintinin təhlükəsiz şəkildə aparılmasının mümkün olduğunu hesab edir. İyul ayında dərc edilmiş texniki hesabatda bildirilir ki, qazıntı çalasını möhkəmləndirmək üçün bir-birinin üzərinə düşən beton svaylardan yeraltı divar yaradılacaq. Bu divarın tikinti zamanı torpağın hərəkətini məhdudlaşdıracağı və qrunt sularının səviyyəsinə nəzarət etməyə imkan verəcəyi qeyd olunur. Yeni həbsxana "White Street"də yerləşən hazırkı "Manhattan Detention Complex"i əvəz etməlidir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər