Maraqlı
Rusiyalı psixoloq stres zamanı qidalanma vərdişlərinin dəyişmə səbəblərini açıqladı
"Hər bir fərdin stresə reaksiyası vegetativ sinir sisteminin özünəməxsus xüsusiyyətlərindən və stres reaksiyasının növündən asılı olaraq fərqlənir". Oxu.Az xəbər verir ki, bunu rusiyalı psixoloq Polina Soboleva Gazeta.ru-ya açıqlamasında deyib. Sobolevanın sözlərinə görə, kəskin stres zamanı kortizol iştahanı azalda bilər. Lakin xroniki stres zamanı bu hormonun yüksək səviyyədə olması, xüsusilə yüksək kalorili, şirin və yağlı qidalara qarşı istəyi artıra bilər. Bu, orqanizmin stresə cavab mexanizmlərindən biri hesab olunur. "Qida, xüsusən də karbohidratla zəngin məhsullar, yaxşı əhval-ruhiyyə hormonu kimi tanınan serotoninin ifrazına kömək edir. Nəticədə insan qidadan pis əhval-ruhiyyə və təşviş hissinə qarşı sürətli və əlçatan vasitə kimi intuitiv şəkildə istifadə edə bilər", - deyə ekspert bildirib. Psixoloq qeyd edib ki, bəzi hallarda bunun əksi də müşahidə olunur. Adrenalin və noradrenalin kəskin stres reaksiyası zamanı ifraz olunan hormonlardır və orqanizmdə "döyüş və ya qaç" reaksiyasını işə salırlar. Bu hormonların təsiri ilə qan həzm sistemindən əzələlərə yönəlir və nəticədə iştaha müvəqqəti olaraq azala bilər. Bununla yanaşı, bəzi insanlarda xroniki stres sinir sisteminin ümumi oyanıqlığını, narahatlığı və mədə-bağırsaq traktında ürəkbulanma kimi simptomları artıraraq iştahanın azalmasına səbəb ola bilər. Mütəxəssis stres zamanı yaranan güclü iştahanı nəzarətdə saxlamaq üçün ilk növbədə onun səbəblərini müəyyənləşdirməyin vacibliyini vurğulayıb. O, bu məqsədlə həkimə müraciət etməyi və zəruri hallarda müvafiq müayinələrdən keçməyi tövsiyə edib. "Əgər qidalanma pozuntusu, depressiya və ya təşviş pozuntusunun əlamətləri varsa, psixoloqla məsləhətləşmək lazımdır", - deyə Soboleva bildirib. Psixoloq, həmçinin gündəlik qidalanmaya diqqət yetirməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, rasion balanslaşdırılmış və liflə zəngin olmalıdır. Bundan əlavə, Soboleva stresi idarə etməyə kömək edə biləcək fəaliyyətlərlə məşğul olmağı - yoqa, meditasiya, nəfəs məşqləri, təbiətdə gəzinti və ya hobbilərə vaxt ayırmağı tövsiyə edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər