Ukrayna ilk dəfə Rusiyanın bu şirkətini vurdu: xəsarət alanlar var
09:25
Avqustun 22-nə keçən gecə pilotsuz uçuş aparatları (PUA) ilk dəfə olaraq Rusiyanın Samara vilayətində OZON şirkətinin (Rusiyanın ilk e-ticarət şirkətlərindən biri - red.) logistika obyektinə hücum edib.
Axar.az xəbər verir ki, bu barədə yerli Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, saat 02:47 radələrində Samara vilayətində "PUA təhlükəsi" rejimi elan edilib. Artıq 04:30-dan sonra sosial şəbəkələrdə yanğın və tüstü sütununun əks olunduğu videolar kütləvi şəkildə yayılıb, bəzi kanallar isə zərbəyə məhz Çapayevskdəki OZON logistika qovşağının məruz qaldığını dəqiqləşdirib. Hücumdan sonra obyektdə yanğın baş verib, lakin yerli hakimiyyət orqanları və şirkətin özü insidentlə bağlı hələlik heç bir şərh verməyib.
***
Rusiyanın Samara vilayətinin sənaye müəssisələrindən birində pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumundan sonra yanğınlar qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Fedorişev məlumat verib.
Bundan başqa, OZON logistika kompleksinə də zərbə endirilib.
OZON-un mətbuat xidmətindən bildirilib ki, PUA hücumu nəticəsində Samara vilayətinin Çapayevsk şəhərindəki anbarda yanğın başlayıb. 500-dən çox əməkdaş təxliyə edilib, bir neçə nəfər xəsarət alıb. Anbarın fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb.