Dünya
Almaniyada 2026-cı ildə kəskin istilər səbəbindən 14 min insan ölüb
Almaniyada cari ilin əvvəlindən etibarən kəskin isti hava şəraiti səbəbindən 14 minə yaxın insan dünyasını dəyişib. Oxu.Az xəbər verir ki, bu məlumatı Almaniya Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Robert Kox İnstitutunun (RKI) hesabatına əsaslanaraq "Stuttgarter Zeitung" nəşri yayıb. RKI tərəfindən təqdim olunan ən son rəqəmlər 2026-cı ilin əvvəlindən avqustun 9-u da daxil olmaqla olan müddəti əhatə edir. Ölkə üzrə qeydə alınan 14 min ölüm faktı ən azı 1992-ci ildən bu yana müşahidə edilən ən yüksək göstəricidir. Cari yay mövsümündə baş verən ölüm hallarının mütləq əksəriyyəti, yəni təqribən 10 min 500 nəfəri 75 yaşdan yuxarı olan şəxslərin payına düşüb. Qurumun həyata keçirdiyi təhlillərə əsasən, cari ilin yay aylarında iki dəfə şiddətli isti hava dalğası qeydə alınıb. İlk dalğa iyunun son günlərinə, ikincisi isə iyulun sonu və avqustun ilk günlərinə təsadüf edib. İnsan itkisinin böyük hissəsi, yəni 9 min 600 fakt məhz iyunun 22-si və 28-i aralığındakı həftədə baş verib. Bu ərəfədə Almaniyada gündəlik orta temperatur 26.4 dərəcəyə çatıb, gündüz vaxtı bəzi bölgələrdə isə istilik 40 dərəcəni üstələyib. Almaniya Fermerlər Assosiasiyası bir müddət öncə şiddətli istilər və quraqlıq səbəbindən dənli bitkilərin, o cümlədən raps bitkisinin məhsuldarlığında kəskin azalma olduğunu bəyan edib. Eyni zamanda, ölkənin bir sıra regionlarında heyvandarlıq üçün yem qıtlığı yaranıb. Yaranmış vəziyyətlə əlaqədar fermerlər hökumətdən təcili maliyyə yardımı tələb edirlər, əks halda məhsul yığımı böyük təhlükə ilə üzləşəcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər