Dünya
"Şimal axını" barədə MARAQLI FAKT: Partlatdığı boru kəməri haqqında filmin çəkilişlərində tutuldu
"Şimal axını" qaz kəmərlərinin partladılmasında iştirakda şübhəli bilinən ukraynalı Vladimir Juravlyov elə bu təxribatdan bəhs edən filmin çəkiliş meydançasında həbs olunub. Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın LTO nəşri məlumat yayıb. Hüquq-mühafizə orqanları Juravlyovu Xorvatiyanın Pula sahil şəhərində saxlayıblar. Həmin vaxt orada Şon Penn və Edrien Brodinin iştirakı ilə "İlan adası" siyasi trillerinin çəkilişləri aparılırdı. Ekran işinin rejissoru "Bornun identifikasiyası" filmi ilə tanınan Daq Laymandır. Filmin süjet xəttində 2022-ci ildə Almaniya sahillərində "Şimal axını"nın partladılması hadisələrindən bəhs olunur. "İlan adası" Rusiya və Ukrayna arasında münasibətlərin kəskinləşməsi fonunda təhlükəli sualtı missiyaya yollanan məxfi ukraynalı dalğıclar qrupu barədə bəhs edir. Ekran əsərinin çəkilişlərinə avqust ayında Zaqreb şəhərində başlanılıb, daha sonra isə ehtimal ki, sualtı səhnələrin lentə alınması üçün sahilboyu əraziyə keçirilib. Peşəkar dalğıc olan Juravlyov filmin çəkiliş qrupuna daxil idi. LTO onun çəkiliş meydançasında konkret hansı işi icra etdiyini açıqlamayıb. Almaniya Federal Prokurorluğu Juravlyovun həbsinə hələ 2024-cü ildə order vermişdi. O zaman şübhəli şəxs Polşada olsa da, Ukraynaya qaçmağı bacarmışdı. O, 2025-ci ildə Varşavaya qayıdaraq orada saxlanılsa da, Polşa məhkəməsi onu Almaniyaya təhvil verməkdən imtina etmişdi. Almaniya prokurorluğunun ehtimalına görə, Juravlyov "Şimal axını" qaz kəmərlərinə partlayıcı qurğular quraşdıran altı nəfərlik qrupun üzvü olub. Onun bilavasitə sualtı əməliyyatlarda iştirak etdiyi güman olunur. Qeyd edək ki, Baltik dənizində "Şimal axını-1" və "Şimal axını-2" boru kəmərlərinin keçdiyi marşrutlarda partlayışlar 2022-ci ilin sentyabr ayının sonunda baş verib. Nəticədə dörd xətdən üçü zədələnib.
Mənbə
oxu.az