Siyasət
İran-ABŞ müharibəsi Avropaya köçsə, Türkiyə hansı tərəfi tutacaq?
Kubra Məhərrəmova yazır... Təəssüflər olsun ki, dünyanın müxtəlif nöqtələrində yaşanan müharibələr başa çatmaqdansa, daha da miqyasını artırır. Bəzi ekspertlər hibrid və asimmetrik müharibələri artıq III dünya müharibəsi təsnifatına aid edirlər. Bəziləri isə baş verənləri, sadəcə, əsl, irimiqyaslı müharibə üçün isinmə hərəkətləri kimi dəyərləndirirlər. Bütün hallarda bəşəriyyət böyük bir dəyişikliyin astanasında olduğundan xəbərdardır. "Financial Times" 19 avqust 2026-cı il tarixli materialında yazır ki: "Tehran, ABŞ Prezidenti Donald Tramp müharibəni yenidən genişləndirərsə, Avropadakı ABŞ hərbi obyektlərinə zərbə endirmək variantını nəzərdən keçirir. Xüsusilə qeyd olunub ki, hücum Cənub-Şərqi Avropadakı obyektlər, o cümlədən Bolqarıstan və Kiprdəki hərbi birləşmələrə qarşı olacaq". Bundan sonra NATO rəsmisi "Anadolu"ya yazılı açıqlamasında bildirib ki, alyans istənilən təhdidə qarşı mübarizə aparmağa hazırdır və bütün müttəfiqlərini müdafiə etmək üçün hər zaman zəruri olanı edəcək. Əgər yadınıza gəlirsə, bu ilin əvvəlində ABŞ və İsraillə münaqişə pik nöqtəyə çatanda İran Türkiyəyə dörd ballistik raket hücumu həyata keçirmişdi. Məhz NATO-nun hava hücumundan müdafiə sistemləri İrandan Türkiyəyə doğru yönəlmiş ballistik raketləri dörd ayrı halda uğurla ələ keçirərək zərərsizləşdirmişdi. Bu artıq o deməkdir ki, NATO, dolayı da olsa, bu müharibənin tərəfi olmuşdu. Yəni ki, artıq müharibə İran-ABŞ çərçivəsindən çıxmışdı. Qeyd etmək lazımdır ki, bu hücumların siyasi baxımdan dəyərləndirilməsi də birmənalı olmadı. İranın Türkiyəyə ballistik raket hücumlarından sonra rəsmi Ankara təqribən belə bir "tədricən gərginləşən dəyərləndirmə" sistemini ortaya qoydu: 1. Raket İrandan buraxılıb; 2. Raket İraq və Suriya hava məkanından keçərək Türkiyə istiqamətində hərəkət edib; 3. NATO hava və raketdən müdafiə sistemləri onu zərərsizləşdirib; 4. Türkiyə ərazi bütövlüyünü və hava məkanını qorumaq üçün hər hansı düşmənçilik aktına cavab vermək hüququnu özündə saxlayır. Amma yenə də rəsmi Ankara Tehrana qarşı sərt ritorika səsləndirmədi. Onun çağırışları, əsasən, bütün tərəfləri münaqişəni daha da gərginləşdirəcək addımlardan çəkindirmək istiqamətində idi. Bir faktı da yada salaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 10-da iranlı həmkarı Abbas Əraqçı ilə danışaraq İranın Türkiyənin hava məkanını pozmasını "qəbuledilməz" adlandırdı. Fidan gələcəkdə Türkiyə ərazisinə yönəlmiş təhlükələrə qarşı lazımi tədbirlərin görüləcəyini bildirdi. Bu dörd raket hücumu ilə əlaqədar İran bəyan etdi ki, Türkiyəni hədəfə almır, Türkiyənin suverenliyinə hörmət edir və raket insidentlərini araşdıracaq. Açığı, eyni açıqlamanı İran bu il martın 5-də Azərbaycana - Naxçıvana qarşı dron hücumu zamanı da vermişdi. Azərbaycan hücumun məsuliyyətini İranın üzərinə qoydu, Tehran isə hücumu törətdiyini rədd edərək hadisənin araşdırılacağını bildirdi. Bu epizod da bizə İran-ABŞ müharibəsinin qonşu ölkələrə sirayəti təsəvvürünü verir. Niyə bu münaqişədə Türkiyəni xüsusilə qeyd edirəm? - Çünki Türkiyə Yaxın Şərqlə Avropa (eləcə də NATO) arasında coğrafi və siyasi körpüdür. Burada Türkiyənin siyasi-hərbi davranışı əsas rollardan birini oynayır. Onun seçdiyi davranış isə təqribən belədir: Türkiyə müharibənin öz ərazisinə daxil olmasına imkan vermək istəmir, amma İranla açıq qarşıdurmaya da getmək istəmir. Yadınıza gəlirsə, müharibənin aktiv fazasında Türkiyə İranı siyasi cəhətdən dəstəkləyirdi. İranın Türkiyəyə növbəti hücumu olacağı halda rəsmi Ankaranın atacağı addımlar da xeyli maraq doğurur. İndi İranın Avropaya hücum edəcəyi barədə bəyanatlar verməsi NATO müqaviləsinin 5-ci maddəsinin aktivləşməsinə də gətirib çıxara bilər. Bu, bir NATO üzvünə silahlı hücumun bütün alyansa edilmiş hücum kimi dəyərləndirilməsi prinsipidir. Bu "tektonik" hərəkətlilik fonunda daha bir hadisə də baş verdi ki, onun da üzərindən keçə bilmərik. Belə ki, bu il avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında Məkkə Birgə Müdafiə Sazişi imzalandı. Sazişə görə, üç ölkədən birinə qarşı silahlı hücum hamısına qarşı təhdid kimi qiymətləndiriləcək. Saziş kollektiv çəkindirməni və müdafiə əməkdaşlığını gücləndirməyi nəzərdə tutur. Bu isə göstərir ki, müharibə genişləndikcə region ölkələri artıq yalnız ABŞ-nin təhlükəsizlik çətirinə arxalanmır, öz kollektiv müdafiə mexanizmlərini də yaradırlar. Bir sıra ekspertlərin bədbin proqnozlarına rəğmən, demək olar ki, istənilən halda Türkiyə bu gün hər iki mexanizmin içindədir və öhdəlikləri yüksəkdir. Odur ki, bu gün-sabah İran Avropaya hücum edərsə, NATO və onun əsas üzvlərindən biri olan Türkiyənin hansı addımları atacağı sualı ən çox müzakirə edilən mövzulardandır. Türkiyə son illərdə yalnız hərbi imkanlarını artırmır. Müdafiə sənayesini, siyasi təsir imkanlarını və regional diplomatik çəkisini də genişləndirir. Bu baxımdan, Ankara artıq yalnız öz qeydinə qalmır, ətrafındakı ölkələrin də təhlükəsizlik mühitinə təsir edir. Ona görə İran-ABŞ müharibəsinin Avropaya keçəcəyi halda Türkiyənin verəcəyi qərar yalnız Ankara üçün deyil, NATO-nun cənub-şərq cinahı və bütövlükdə Yaxın Şərqin gələcək təhlükəsizlik arxitekturası üçün əhəmiyyət daşıyacaq. Ən təhlükəli ssenari isə Türkiyənin seçim qarşısında qalmasıdır. Çünki Türkiyə üçün nə İranla açıq qarşıdurma arzuolunandır, nə də NATO öhdəliklərindən geri çəkilmək mümkündür. Ümid edək ki, hadisələr buraya qədər inkişaf etməyəcək.
Mənbə
oxu.az