Siyasət
Prezident yeni dövlət proqramını TƏSDİQLƏDİ
"Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir: 1. altı ay müddətində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təklifləri əsasında "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi; 2. üç ay müddətində turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsi, eləcə də Dövlət Proqramının 8.8.1.3-cü abzasında və 8.8.2-ci yarımbəndində nəzərdə tutulmuş dövlət büdcəsi hesabına verilən subsidiya şərtlərinə dair. Bundan başqa, Nazirlər Kabineti: 1. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli; 2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; 3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir. Dövlət Turizm Agentliyi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Turizm Agentliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.
Mənbə
oxu.az