Mədəniyyət
Filmdən sonra: "500 Days of Summer"
Turanə Hüseynli yazır... Sevgi günlərə, aylara, illərə sığmır. Ancaq ayrılıq sığır. Saniyələrə, dəqiqələrə, saatlara, günlərə, aylara, hətta illərə... Məncə, ayrılığın ən ağır tərəfi də zamanı hiss etməkdir. Bəzən bir insanı yox, onunla yaşayacağımızı düşündüyümüz həyatı sevirik. Onun necə biri olduğunu deyil, bizim yanımızda necə biri ola biləcəyini; dediyi sözləri deyil, o sözlərdən çıxardığımız mənaları; aramızda həqiqətən baş verənləri deyil, baş verəcəyinə inandığımız hadisələri. Münasibət bitəndə isə yalnız insanı itirmirik: onunla var olan "bizi", beynimizdə onunla birlikdə yazdığımız gələcəyi də itiririk. Buna görə bəzi ayrılıqlar bu qədər ağır olur. Bəziləri isə film olur... "(500) Days of Summer" məhz belə bir duyğuda olan filmdir: "Tom" var, "Sammer" var və "Tom"un beynində yaşadıqları var. Filmin ilk saniyələrində bizi xəbərdar edirlər: Bu, sevgi hekayəsi deyil. Mənə görə isə, film tamamilə sevgi haqqındadır. Hətta sevginin özündən çox, bizim sevgi haqqında yaratdığımız təsəvvür barədədir. 2009-cu ildə ekrana çıxmış "(500) Days of Summer" rejissor Mark Vebbin ilk tammetrajlı filmidir. Ssenarini Skott Noyştadter və Maykl H. Veber yazıblar. Baş rollarda Cozef Qordon-Levit və Zoi Deşanel çəkiliblər. Film onların münasibətinin 500 gününü göstərir. 500 günün xronologiyasını biz xaotik izləsək də, maraqlı və cəlbedicidir. Bütün diqqətini yönəltmədən izləmək, demək olar ki, mümkün deyil. Bu struktur ilk baxışda, sadəcə, yaradıcı rejissor həlli kimi görünsə də, ayrılıqdan sonra yaddaşımızın necə işlədiyini çox yaxşı əks etdirir. Bitmiş münasibətləri biz də xronoloji xatırlamırıq. Çünki biz dəyişirik. Qəhrəmanımız "Tom Hansen" inanılmaz dərəcədə romantikdir. Ruh yoldaşına, "doğru insan" anlayışına və bir gün qarşısına çıxacaq qadının həyatındakı bütün boşluqları dolduracağına inanır. "Sammer" əvvəldən "Tom"a kim olduğunu söyləyən, ciddi münasibət istəməyən, sevgiyə "Tom" qədər inanmayan bir xarakterdir. "Tom" isə bütün bunların zamanla dəyişəcəyini düşünərək bunu qəbul etdiyini deyən cavan oğlandır. Çünki "Tom" bir qadını olduğu kimi sevməkdən çox, onu öz romantik hekayəsinin qəhrəmanına çevirməkdən bəslənir. Onun sevdiyi musiqini sevməsi, eyni yumor hissinə sahib olması, gözəl görünməsi - bütün bunları "deməli, o mənim üçün yaradılıb" fikrinin sübutlarına çevirir. Gəlin xatırlayaq, bəzən biz də münasibətlərdə eyni şeyi edirik: qarşımızdakı insanın bizə verdiyi məlumatlara deyil, ümidlərimizə inanırıq. Gerçəklik ümidimizə uyğun gəlməyəndə isə özümüzü aldadılmış hiss edirik. Və sonda bunu xatırlamaqda fayda var: bizi aldadan başqaları deyil, gözləntilərimizdir.
Mənbə
oxu.az