Cəmiyyət

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

16 Aug 2026, 13:29 2 baxış
İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Əvvəli burada


AXC tarixinin və mühacirət hərəkatının əvəzsiz tədqiqatçısı, elmlər doktoru, istedadlı jurnalist və publisist Dilqəm Əhməd 2022-ci ildə Məhəmməd Əmin Rəsulzadənin Şah İsmayıl haqqında söylədiyi fikirlərini üzə çıxararaq Teleqraf.az saytında olduqca maraqlı məqalə dərc etmişdi. Həmin məqalədə Məhəmməd Əmin Rəsulzadənin Şah İsmayıl haqqında fikirlərini burda qeyd etmək yerinə düşər:


"İllərdən bəri çevrələrindəki xalq kütlələri üzərində, bütün türk ellərindəki dədələr kimi dərin nüfuz və təsir sahibi olan Ərdəbildəki Şeyx Səfi ocağından zühur edən Şah İsmayıl şiə dövlətini qurmaq üzrə hərəkətə keçir. Avropalılarca xalis bir İran sülaləsi sayılan Səfəvi dövlətinin bu müəssisi isə həqiqətdə türk sufisi və azərbaycanlı şairdir. İstinad etdiyi qüvvət də tamamilə türk qüvvəti idi. Türkman qəbilələri bu qüvvətin kökünü təşkil edirdi.


Onun sadə bir türkcə ilə yazılan ilahiləri rəsmi hüdudların çox irəlilərində belə türk toplumlarının ruhları üzərində müəssir olurdu. Şah İsmayılın sarayı azəri-türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi. Bu saraya Həbibi kimi şairlər mənsubdur. Şeirdə "Xətai" təxəllüsündən istifadə edən İsmayıl xalqın vurulacağı sadə bir dillə yazırdı. Səfəvi sarayının rəsmi dili də türkcə idi. Qonşu dövlətlərə göndərdiyi notalar türkcə yazılırdı. Səfəvi İranın osmanlılara göndərdiyi notalar türkcə ikən, Osmanlı sarayının Səfəvilərə yazdıqları notalar farsca idi. Rəsmi türk dövlətlərində misalı yox ikən, çevrəsindəki türkdilli şairlər Şah İsmayıla "Türki-tacdar" deyə xitab edirlərdi.


İştə Tüfeyli adında şairin ona yazdığı xitabdan bir parça:


Qovsalar, eldən, ulusdan qövm ilə qardaşlar,


Dostlar düşmən olubən min atarsa daşlar,


Haqq bilir, budur sözüm, gər yüz gedərsə başlar


Qılmazam, vallahi, Türk-tacdarın tərkini.


Bu dövrdəki şairlər yalnız "Taclı türk"ə deyil, onun da xitab etdiyi ədil türk kütləsinə müvəffəqiyyətlə xitab edə bilmək üçün türkcə yazırlardı. İdarələrini yürütmək üçün içindən yetişdikləri mühitin zövqünə uyaraq onun ağıl və vicdanına qolay bir yol bula bilmək üçün özü ilə türkcə danışılardı. Sonralar İran ideolojisi deyə bəllənən şiəlik bu xüsusda özlərinə mane olmurlardı. Əksinə, bu onların türkçülüyünü gərəkləndirirdi. Türk ədəbiyyatının parlaq günəşi Füzuli bu dövrün böyük sənətkarıdır".


(Dilqəm Əhməd. "Şah və qurucu". teleqraf.az. 17.07.2022.)


Şah İsmayıl dövrünün görkəmli musiqiçilərinə, ozan-aşıq sənətinin məşhur nümayəndələrinə böyük ehtiram göstərmiş və onların öz yaradıcılıqlarını inkişaf etdirmələri üçün böyük imkanlar yaratmışdır. Səfəvilər sarayındakı ədəbi məclislərdə musiqiçilər də iştirak edər və məclis üzvlərinin şeirlərinə musiqilər bəstələyib ifa edərdilər. Tam əminliklə deyə bilərik ki, Şah İsmayıl sarayında muğam sənəti öz inkişafının ən ali mərhələsinə yetmişdir. Musiqiçilər, muğam ustadları sevimli şaha hörmət və ehtiram əlaməti olaraq "Şah Xətai" muğamını yaratmışdılar. Bu sənət əsəri günümüzə qədər gəlib çatmış, hazırda "Bayatı Qacar" muğamının son şöbəsi kimi, dəstgaha ayaq verməzdən qabaq ifa olunur. Həmçinin "Şur", "Dügah" "Dəşti" muğam dəstgahlarında da "Şah Xətai" şöbəsi və ya guşəsi mövcuddur. Ən maraqlısı budur ki, Şah Xətai şöbəsi və ya guşəsi hər muğamda fərqli intonasiyada, fərqli melodik-harmonik quruluşda ifa olunur.


Muğamat çox demokratik bir sənət növüdür. Ustadlar tərəfindən şagirdlərə şifahi şəkildə öyrədilir. Yazıya alınmadan milli yaddaşda nəsildən nəsilə keçir. Muğam sənətinin demokratikliyi ondadır ki, ifaçıya improvizasiya imkanı verir. Yəni qaydalar çərçivəsində özəl gəzişmələrə, əlavə keçidlərə, xallara imkan verilir. Bunu bacarmaq isə ən böyük ustad sənətkarlara nəsib olur. Muğam sənəti tarixində hər hansı bir şöbənin və ya guşənin ayrıca bir dəstgaha və ya əksinə, vaxtı ilə dəstgah kimi ifa olunan bir muğamın sonralar şöbəyə və ya guşəyə çevrilməsi faktları kifayət qədərdir. Bu dəyişikliklərin baş verməsi muğam sənətinin inkişafına, təkmilləşməsinə xidmət etmiş və etməkdədir. Düşünürəm ki, məhz buna görə ustad sənətkarlar, böyük alimlər, musiqi xadimləri muğamatın yazı formatına salınmasına bilərəksən səy göstərməmişlər. Səfiəddin Urməvi (1216-1294), Əbdülqadir Marağayi (1353-1435), Mahmud Marağayi (Əbdülqadir Marağayinin nəticəsi, 16-cı yüzillikdə, Osmanlı hökmdarı Sultan Süleyman Qanuni sarayında baş musiqiçi kimi fəaliyyət göstərmişdir) kimi bütün Şərq aləminin böyük alimləri, milli musiqimizin mahir biliciləri, görkəmli musiqişünaslar, bəstəkarlar, mükəmməl musiqi sisteminin yaradıcıları olduqları halda musiqi yazı sistemi yaradılmamışdır. Doğrudur, Səfiəddin Urməvi hərfi-ədədi üsulla yazı sistemi yaratmış, yəni səslər hərflərlə, ölçüləri rəqəmlərlə göstərilmiş, Əbdülqadir Marağayinin "Came əl-əlhan" (Melodiyalar məcmuəsi) musiqi nəzəriyyəsinə aid əsərində not yazısı nümunələri verilmişdir. Lakin sistem halında muğamların yazıya alınması olmamışdır. Düşünürəm ki, orta əsr musiqiçi alimlər böyük dərya olan muğamatı çərçivəyə salmamaq üçün, daim inkişafına və kamilləşməsinə şərait yaratmaq üçün şifahi üsulla bu böyük sənət nümunəsinin nəsildən nəsilə ötürülməsini daha məqbul sanmışlar. (Bu mənim subyektiv mülahizəmdir. Alimlərimiz tərəfindən inkar edilə bilər). Çünki yazı həkk olunma, möhürlənmə deməkdir. Yazıya alınsaydı, demək ki, 500 il, 700 il, 1000 il bundan qabaq necə yazılıbsa, elə də ifa olunmalıdır. Yazıya alınmış hər hansı bir əsəri dəyişmək, inkişaf etdirmək mümkünsüzdür. O səbəbdən də muğam sənəti olduqca demokratik sənət nümunəsidir və qüdrətli ustadlar bu sənəti daha da inkişaf etdirmək imkanına malikdirlər. Necə ki, milli muğamlarımız əsrlərlə böyük inkişaf yolu keçərək günümüzə qədər gəlib çatmışlar.


Şübhə yoxdur ki, "Şah Xətai" zamanında müstəqil muğam olmuş, sonrakı dövrlərdə "Bayatı Qacar" "Şur", "Dəşti" və "Dügah" muğamlarının tərkibində şöbə və guşə kimi ifa edilərək günümüzə gəlib çatmışdır.


Şah İsmayıl Xətainin ana dilli Azərbaycan poeziyasının, incəsənətinin, musiqisinin, o cümlədən aşıq yaradıcılığının dövlət himayəsinə alması bütovlükdə milli mədəniyyətin inkişafına böyük töhfə olmuşdur. Bütün digər sənət sahələrinə olduğu kimi qüdrətli dövlət xadimi, güclü sərkərdə və böyük şair aşıqlara, saz-söz ustadlarına da xüsusi diqqət və qayğı göstərmiş, aşıq sənətinin şifahi ənənədən saray səviyyəsinə yüksəlməsinə, əsaslı inkişaf mərhələsinə keçidinə şərait yaratmışdır. Şah İsmayıl Xətai və aşıq yaradıcılığı olduqca böyük bir mövzudur və bu mövzunu bir yazıda tam əhatə etmək mümkünsüzdür. Amma istərdim ki, bu mövzuya aid bir neçə vacib faktı diqqətinizə çatdırım və Şah İsmayıl Xətainin aşıq yaradıcılığının inkişafına verdiyi töhfələri, ustad aşıqlarla münasibətlərinə dair bəzi məqamları diqqətinizə çatdırım.


Bildiyimiz kimi 1488-ci ildə Şeyx Heydər qətlə yetiriləndən sonra onun övladları, bir yaşlı İsmayıl, anası və qardaşları təqib olunaraq həbs edildilər. Beş il həbsxana həyatı yaşadıqdan sonra azadlığa çıxırlar. İsmayılın böyük qardaşı Sultan Əli atası Şeyx Heydərin işini davam etdirir. Həlak olmazdan öncə Şeyx Sultan Əli İsmayılı təriqət şeyxi vəzifəsinə varis elan edir. Şeyx Sultan Əli öldürüldükdən sonra sufilər İsmayılı və qardaşı İbrahimi Şeyx Səfiəddin məqbərəsində gizlətdilər. Şeyx Heydərin oğlanlarını hər vasitə ilə tutmaq və məhv etmək tapşırığı almış silahlı dəstələr Ərdəbilə daxil olandan sonra İsmayıl və qardaşı İbrahimi səfəvi müridləri əvvəlcə Rəştə, daha sonra isə Gilana gətirməyə nəsib oldular. Burada sufi şeyxləri, alimlər İsmayılın təlim-tərbiyəsi ilə ciddi məşğul olmağa başladılar. Ərəb və fars dillərini öyrənmək, Quranı oxumaq, döyüş qaydalarına yiyələnməklə yanaşı sufi şeyxləri İsmayılın sufizmi, dini və dünyəvi elmləri mənimsəməsi, düzgün tərbiyə alması, böyük sərkərdə kimi yetişməsi üçün ciddi məşğul olmuşdular.


Sufi təriqətində sufi mürşidlərinin müqəddəs ocağı, təsəvvüf ierarxiyasının Ali Divanı - 40 müqəddəs Abdalın daxil olduğu "Qırxlar Piri" mövcud olmuşdur. İsmayıl həm mənən, həm ruhən, həm də fiziki cəhətdən kamillik zirvəsinə çatması üçün "Qırxlar Piri"nin bütün tapşırıqlarını mükəmməl şəkildə mənimsəməli idi. Bütün bu hazırlıqlar başa çatdıqdan sonra mübarizə yolunun başlanğıcına yetişmək olardı. Sonralar Şah İsmayıl Xətai təhsilini belə təsvir edir:


Qırxlar meydanına vardım,


Gəl bəri, ey can-dedilər;


Salam verdim izzət ilə,


Gir, iştə meydan-dedilər.


1499-cu ildə Şeyx Heydərin oğlu, təriqət şeyxinin varisi İsmayıl 12 yaşında Şeyx tituluna yiyələndi. "Qırxlar Piri" üzvlərinin yekdil rəyi ilə Şeyx İsmayıl Bütov və Böyük Azərbaycan uğrunda müqəddəs yolçuluğa, mübarizəyə başlamağa tam hazır idi. 1499-cu ilin avqust ayında Şeyx İsmayıl Gilanın Lahican bölgəsindən Ərdəbilə yola düşür. Onu bu yolda yeddi nəfərdən ibarət ən yaxın şəxslər müşayiət edir: Hüseyn bəy Lələ Şamlı, Abdal bəy Talış, Xadim bəy Talış, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Xunuslu və Qarapiri bəy Qacar. Dayanacaqlar zamanı Şeyx İsmayılın dəstəsinə tərəfdarlar qoşulurdular. Qışı keçirmək üçün Xəzər dənizi yaxınlığında yerləşən Ərçivana gəlirlər. Artıq ona qoşulanların sayı 1500 nəfərə çatmışdı. (O. Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı, 1981, s. 42)


Qışı Ərçivanda keçirdikdən sonra 1500-cü ilin yazında Şeyx İsmayıl "Qırxlar Piri"nin üzvü Miskin Abdalın təklifi ilə Araz çayının şimalındakı dağlıq əraziyə, Göycə gölünün cənub sahillərinə doğru hərəkət etdi. Burada onlara Miskin Abdalın böyük nüfuza malik olduğu ərəşli və zülqədər tayfaları qoşulurlar. Qısa müddətdə şamlı, rumlu, ustaclı, qacar, təkəli, əfşar, varsaq tayfalarından, Qarabağ sufilərindən ibarət 7000 qazi toplanmışdı.


Şeyx İsmayılın mürşidi, Ricalül-Qeyb (Qeyb Ərəni), böyük övliya, Sufi şeyxi, dövrünün tanınmış şairi, məşhur ozan Miskin Abdal İsmayılı digər mürşidlərlə bərabər Təbrizə, Səfəvilər dövləti elan olunana qədər müşayiət edir. Əsil adı Seyid Hüseyn Məhəmməd oğlu olan Göyçə mahalının görkəmli ozan-şairi Sufi təriqətinin ən ali rütbələri olan Miskin və Abdal titullarını qazandıqdan sonra Miskin Abdal kimi məşhurlaşmışdır. Seyid Hüseyn Məhəmməd oğlu Sufizmin sirlərinə dərindən yiyələnmiş, Sufizmin şəriət, təriqət, mərifət mərhələlərini keçərək, ən yüksək mərhələ olan-Həqiqət mərhələsinə çatmış və bu mərhələnin ən ali məqamları sayılan "Miskin" və "Abdal" ordenləri ilə təltif olunmuş və bu iki möhtəşəm adın hər ikisini eyni vaxtda öz adında birləşdirmişdi.


"Miskin" anlayışı sufizimdə bütün dünyəvi nemətlərdən imtina edərək, təsəvvüfün "vəhdəti-vücud" nəzəriyyəsinə əsasən, özünü Allah qarşısında "kiçildərək", öz "mən"ini Allahın varlığı qarşısında heçə endirərək, yox edərək, "fənafillah" mərhələsinə yetişməyi, "Allahda ərimə, yox olma" dərəcəsini fəth etməyi, ən yüksək təvazö sahibinə çevrilməni ehtiva edirdi, yəni Allah qarşısında "miskinləşməni" nəzərdə tuturdu". (Mahmud Allahmanlı. "Səfəvilərin böyük ideoloqu, Sufi Şeyxi Miskin Abdal". Göyce.az. saytı. 13.05.2023.)


Azərbaycanın şimalından zəfərlə Təbrizə gələn Şeyx İsmayıl 1501-ci ildə özünü şah elan etdikdən sonra, şahlıq şərbətini Sufi Şeyxi Miskin Abdalın əlindən alıb içərək taxta əyləşmişdir.


Miskin Abdal bir müddət Səfəvi sarayında Sufi təkyəsinə - ocağına rəhbərlik etmişdir. Daha sonra Şah İsmayıl Miskin Abdalı özünə vəzir və sarayın baş elçisi təyin etmişdir.


Şah İsmayıl Xətai dövlət işləri ilə yanaşı, ana dilli ədəbiyyatın, musiqinin, incəsənətin inkişafı üçün olduqca vacib işlər görmüşdür. Dövrünün böyük ozan-şairi, Şufi Şeyxi Miskin Abdalın içrası ilə ozandan aşığa, qopuzdan saza keçidini təmin etməklə Şah İsmayıl xalqın bədii yaradıcılığında böyük reformaya imza atmışdır. Bu dövrdə Dədə mənsəbi ilə yanaşı Haqq aşiqi mənsəbinin təməli qoyulmuşdur. Haqq aşiqləri xalqın, elin içində olur və xalqın sözünü saz, söz sənəti ilə şaha çatdırmaq səlahiyyətlətinə malik idilər.


Miskin Abdal sazı diz üstündən sinəyə qaldırmış, bununla da Haqq aşiqlərinin-aşıqların el içində daha dinamik hərəkətini və qoşunların önundə at belində saz ifasını təmin etmişdir. Tarixdən məlumdur ki, Şah İsmayılın ordusunda aşıqlar xüsusi çəkiyə və statusa malik idilər və onlar döyüşçüləri savaşa ruhlandırmaqla yanaşı mənəvi dəyərləri də təbliğ edirdilər. Miskin Abdal və digər məşhur aşıqlar əllərində saz at belində qoşun hissələrinin önündə gedərmişlər. Haqq aşiqi titulu sənətkarın mənəvi kamilliyini, el içindəki nüfuzunu və sənətə gəliş yolunu bildirən müqəddəs anlayışdır. Bu titul dərin fəlsəfi düşüncəyə, ilahi vergiyə malik olan, xalqına və elinə bağlılığı olan, ustadlıq məqamına çatan sənətkarlara verilirdi. Ona görə də aşıqlar həm orduda, həm də xalq arasında böyük hörmət və ehtirama sahib idilər. Maraqlıdır ki, aşıq yaradıcılığında şaman-ozan sənətindən qalma Dədə statusu, institutu qorunub saxlanıldı.


Bir məqamı da qeyd etməliyəm ki, Şah İsmayıl, Səfəvilər sarayı xalq ilə əlaqəni aşıqlar vasitəsi ilə qururdu. Eyni zamanda xalqın sözünü, dərdini, narazılığını şaha çatdırmaq səlahiyyəti yalnız aşıqlara verilmişdi. Çünki Haqq aşiqləri, el aşıqları bu səlahiyyəti haqqa tapındıqlarına görə qazanmışdılar. Dövlət siyasətinin təbliğatını da yerlərdə din xadimləri deyil, aşıqlar aparırdı.

Mənbə axar.az

Oxşar Xəbərlər