Cəmiyyət
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa... - Həkim səbəbləri AÇIQLADI
Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtina etmək intoksikasiya təhlükəsi yaradır. Oxu.Az bildirir ki, bu barədə Gazeta.ru-ya həkim-endokrinoloq Nataliya Tananakina danışıb. Mütəxəssisin sözlərinə görə, hipertireoz zamanı qalxanabənzər vəzi həddindən artıq hormon ifraz edir ki, bu da maddələr mübadiləsinin sürətlənməsinə səbəb olur. Nəticədə orqanizm enerjini daha tez xərcləyir və bədənin "yanacaq" ehtiyatları sürətlə tükənir. "Digər bir səbəb isə böyrəküstü vəzilərin kifayət qədər hormon, xüsusən də kortizol istehsal etmədiyi Addison xəstəliyi ola bilər. Bu fonda qida çatışmazlığı zamanı daha da şiddətlənən kəskin zəiflik və ürəkbulanma hissi yarana bilər", - deyə həkim qeyd edib. Aclıq zamanı yaranan narahatedici simptomlar həmçinin qanda qlükoza səviyyəsinin aşağı düşməsi - hipoqlikemiya ilə də əlaqədar ola bilər. Bu, bir xəstəlik deyil, tamamilə sağlam insanlarda belə rast gəlinə bilən bir vəziyyətdir. Beyin qlükoza çatışmazlığına qarşı xüsusilə həssas olduğundan, onun azlığı diqqətsizlik, əsəbilik və halsızlıqla müşayiət edilə bilər. Birinci tip şəkərli diabetdən əziyyət çəkən şəxslər isə xüsusi risk qrupuna daxildirlər. Belə xəstələr üçün uzunmüddətli aclıq sadəcə halın pisləşməsi ilə deyil, eyni zamanda daha ciddi fəsadlarla təhlükəlidir: qlükoza azlığı fonunda orqanizm yağları aktiv şəkildə parçalamağa başlayır ki, bu da çoxlu sayda keton cisimlərinin yaranmasına və diabetik ketoasidozun inkişafına gətirib çıxarır. Bu, qanda keton cisimləri adlanan zəhərli maddələrin toplanması ilə nəticələnən kəskin və potensial olaraq həyati təhlükə daşıyan bir haldır. Endokrinoloqun fikrincə, polikistik yumurtalıqlar sindromu (PYS) olan qadınlar da aclığa çətinliklə dözə bilirlər. Bu zaman adətən toxumaların insulinə həssaslığı pozulur, qlükoza mübadiləsi dəyişir və nəticədə qida qəbulları arasındakı uzun fasilələr insanın ümumi səhhətinə mənfi təsir göstərir.
Mənbə
oxu.az