Ölkədə epidemioloji durum nəzarət altındadır - Rəsmi
Son günlər Azərbaycanda hava qeyri-sabit keçsə də, temperatur dəyişiklikləri olsa da hazırda ölkədə epidemioloji vəziyyətdə qeyri-adi artım və ya kəskin yoluxma dalğası müşahidə olunmur.
Axar.az xəbər verir ki, bu barədə Report-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, ölkə ərazisində kəskin respirator virus infeksiyaları (KRVİ) ilə bağlı epidemioloji vəziyyət stabil və nəzarət altındadır:
"Havaların qeyri-sabit keçməsi, temperatur dəyişiklikləri, qapalı məkanlarda sıxlığın artması və havalandırmanın kifayət qədər olmaması tənəffüs yolu infeksiyalarının yayılması üçün əlverişli şərait yarada bilər. Hazırda ölkədə epidemioloji vəziyyətdə qeyri-adi artım və ya kəskin yoluxma dalğası müşahidə olunmur".
Bildirilib ki, nazirlik Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, ölkə üzrə epidemioloji monitorinqi davam etdirir, respirator infeksiyaların yayılma dinamikasını mütəmadi izləyir:
"Vətəndaşlara mövsümi infeksiyalardan qorunmaq üçün şəxsi gigiyena qaydalarına riayət etmək, qapalı məkanları mütəmadi havalandırmaq, xəstəlik əlamətləri (qızdırma, boğaz ağrısı, halsızlıq) müşahidə olunduqda mümkün qədər evdə qalmaq və özünümüalicə ilə məşğul olmayaraq vaxtında həkimə müraciət etmək tövsiyə olunur".