Dünya
Avropanın hava limanlarında xaos: Sərnişinlər saatlarla növbə gözləyirlər
Avropa İttifaqının (Aİ) yeni rəqəmsal sərhəd nəzarəti sisteminin tətbiqi qitənin ən böyük hava limanlarında rekord gecikmələrə səbəb olub. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" (FT) "Qsensor" analitik qrupuna istinadən məlumat yayıb. Məlumata görə, iyul ayında Frankfurt hava limanında pik gözləmə müddəti 120 dəqiqəyə çatıb. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur. Münhendə bu göstərici 31 dəqiqədən 60 dəqiqəyə, Amsterdamda isə 80 dəqiqədən 120 dəqiqəyə yüksəlib. Gecikmələrə aprel ayında tətbiq edilən Giriş-Çıxış Sistemi (EES) səbəb olub. Sistemə əsasən, Aİ-yə daxil olmayan ölkələrin vətəndaşları ilk giriş zamanı barmaq izlərini, fotoşəkillərini və şəxsi məlumatlarını təqdim etməlidirlər. Aviasiya sənayesinin nümayəndələri və aidiyyəti ölkələr dəfələrlə xəbərdarlıq ediblər ki, yeni prosedurlar problemlərə səbəb olacaq. Bildirilib ki, hava limanlarının böyük sərnişin axını şəraitində bu məlumatları eyni vaxtda emal etmək üçün fiziki imkanları kifayət etmir. Buna baxmayaraq, sistemin tətbiqi təxirə salınmayıb və hazırda terminalların qarşısında saatlarla davam edən növbələr yaranır. FT-nin qeyd etdiyi kimi, sistemin xaotik şəkildə tətbiqi yay səyahətlərinin ən pik dövrünə təsadüf edib. "Ryanair" aviaşirkətinin rəhbəri Maykl O'Liri yeniliyi sərt tənqid edərək onu "düşünülməmiş addım" adlandırıb. "Belə bir axmaqlığı yalnız avropalılar düşünə bilərdi", - deyə o bildirib. O'Lirinin sözlərinə görə, artıq 15 hava limanında ciddi sərnişin sıxlığı müşahidə olunur.
Mənbə
oxu.az