Dünya
Tramp Nyu-Yorkla bağlı həyəcan təbili çaldı: "Hamının lağ etdiyi yerə çevrilə bilər"
ABŞ Prezidenti Donald Tramp Nyu-York şəhərində tətbiq edilən "Pied-à-Terre" (ikinci mənzil) vergisini və tıxac rüsumunu sərt tənqid edib. Oxu.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib. Onun sözlərinə görə, "Pied-à-Terre" vergisindən əldə ediləcək gəlir şəhəri və ştatı tərk edən on minlərlə insanın ödədiyi vergilərlə müqayisədə çox azdır. "Florida, Texas və bir çox digər ştatlar isə bundan böyük gəlir əldə edir", - deyə ABŞ lideri bildirib. Tramp Nyu-Yorkda həyata keçirilən vergi siyasətini "təhlükəli siyasi eksperiment" adlandırıb və bunun şəhərin iqtisadi və sosial baxımdan tənəzzülünə səbəb olacağını iddia edib. "Bu, tamamilə həvəskar yanaşmadır və ABŞ Prezidenti kimi, vaxtilə sevdiyim bir yerin belə vəziyyətə düşməsini kənardan izləmək mənim üçün çətindir", - deyə o qeyd edib. Tramp, həmçinin Nyu-Yorkda tətbiq edilən tıxac rüsumunu tənqid edərək bu siyasətə son qoyulmalı olduğunu bildirib. ABŞ Prezidenti federal hökumətin Nyu-Yorkda yaranmış vəziyyətə müdaxilə etmək üçün hər hansı hüquqi səlahiyyətinin olub-olmadığını araşdırdığını açıqlayıb. Trampın fikrincə, tədbirlər görülməsə, Nyu-York "çirkli, cinayətkarlığın baş alıb getdiyi, baxımsız və hamının lağ etdiyi bir yerə" çevrilə bilər.
Mənbə
oxu.az