Dünya

ABŞ-də hindistanlı milyarderə qarşı cinayət işi bağlandı

11 Aug 2026, 17:32 1 baxış
ABŞ-də hindistanlı milyarderə qarşı cinayət işi bağlandı
ABŞ-nin Nyu-York ştatının Bruklin rayonundakı federal dairə məhkəməsi prokurorların müraciəti əsasında hindistanlı milyarder Qautam Adaniyə qarşı irəli sürülmüş dələduzluqla bağlı cinayət işinə xitam verib. Oxu.Az xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb. İyul ayında ABŞ Ədliyyə Nazirliyi müttəhimin vəkilləri ilə məsləhətləşmələrdən sonra Adaniyə qarşı oxşar ittihamları ləğv etmişdi. Qurumdakı mənbələrin iddialarına görə, milyarderə məxsus "Adani Group" sənaye konqlomeratının ABŞ-yə 10 milyard dollar investisiya yatırmaqla bağlı 2024-cü ilin noyabrında, yəni dələduzluq araşdırmaları başladıqdan sonra verdiyi vəd bu qərara təsir göstərməyib. İttihamlar ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyası tərəfindən irəli sürülmüşdü. Buna əsas kimi Adaninin "Adani Green Energy" şirkəti tərəfindən Hindistanda günəş enerjisi elektrik stansiyalarının tikintisi üzrə irimiqyaslı layihə müqavilələri əldə etmək üçün hindistanlı məmurlara yüz milyonlarla dollar rüşvət vermək niyyəti göstərilirdi. İş üzrə şübhəlilər, həmçinin "Adani Green Energy"nin fəaliyyətinin "korrupsiyaya qarşı mübarizə qanunlarına və prinsiplərinə uyğun olduğu" barədə yalan bəyanatlar verməkdə təqsirləndirilirdi. Bu iddialar altında şirkət 750 milyon dollar dəyərində istiqraz buraxmış və yaşıl enerji layihəsini həyata keçirmək üçün ən azı 175 milyon dollar investisiya cəlb etmişdi. "Bloomberg" agentliyinin məlumatına əsasən, araşdırma başladıqdan sonra Adani dələduzluq işinin dayandırılması üçün 18 milyon dollar ödəməyə razılaşıb və bu məqsədinə çatmaq üçün ABŞ-də nüfuzlu hüquq şirkətləri və böyük lobbiçilərin iştirakı ilə "siyasi təsir şəbəkəsi" qurub. ABŞ-də açılmış cinayət işinin bağlanması nəticəsində Adaninin şirkətləri beynəlxalq kapital bazarlarına qayıtmaq və fəaliyyətlərini ölkə xaricində genişləndirmək üzrə aktiv strategiyalarını bərpa etmək imkanı qazanacaq. Hazırda Adani 89.6 milyard dollarlıq sərvəti ilə Hindistanda 2-ci, qlobal milyarderlər reytinqində isə 24-cü yerdə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər