Siyasət

ABŞ-nin qəbul etdiyi reallıq: Diplomatik masada sübuta yetirilən iradəmiz

08 Aug 2026, 20:36 2 baxış
ABŞ-nin qəbul etdiyi reallıq: Diplomatik masada sübuta yetirilən iradəmiz
"8 avqust Vaşinqton zirvəsi təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə Cənubi Qafqazın, keçmiş sovet məkanının və dövlətlərarası münaqişələrin həlli tarixinin ən mühüm beynəlxalq siyasi hadisələrindən biridir". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib. O bildirib ki, bu zirvə XXI əsrdə bir dövlətin hərbi qələbəsinin siyasi və hüquqi müstəvidə tanınmasının nümunəsi kimi qiymətləndirilə bilər:
"Azərbaycanın son iki əsrlik tarixinə nəzər saldıqda görürük ki, taleyimiz müxtəlif müqavilələrlə müəyyənləşdirilib. Lakin təəssüf ki, 1805-ci il Kürəkçay müqaviləsi, 1813-cü il Gülüstan müqaviləsi, 1828-ci il Türkmənçay müqaviləsi, eləcə də sonrakı Qars və Moskva müqavilələri Azərbaycan xalqının iradəsini əks etdirmirdi. Bu sənədlər imperiyalar arasında imzalanır, Azərbaycanın taleyi barədə qərarlar isə xalqın iradəsi nəzərə alınmadan qəbul edilirdi. 1990-cı illərdə işğala məruz qalan Azərbaycanın son 30 ilə yaxın dövrdə həyata keçirdiyi daxili və xarici siyasət, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan iqtisadi, diplomatik, siyasi və informasiya siyasəti, nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qələbə ilə nəticələndi. Ardınca 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilən lokal antiterror tədbirləri ilə Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü tam təmin olundu. Bununla yanaşı, son beş il ərzində aparılan danışıqlar əvvəlki vasitəçilik formatlarının iflasa uğradığını göstərdi. Artıq ATƏT-in Minsk qrupu öz aktuallığını itirdi. Azərbaycan regionun geosiyasi reallığını dəyişib. Bu dəyişiklik yalnız torpaqların azad olunması ilə deyil, həm də siyasi baxımdan yeni vəziyyətin formalaşması ilə nəticələnib. Münaqişə dövründə və sonra istər Rusiya, istər Avropa İttifaqı, istərsə də Bayden administrasiyası və ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə müxtəlif vasitəçilik cəhdləri həyata keçirilirdi. Bəzi dairələr vəziyyəti dondurmaq, "Qarabağ erməniləri" məsələsini gündəmdə saxlamaq və Azərbaycanın qələbəsini tam qəbul etməmək mövqeyindən çıxış edirdilər". Deputatın sözlərinə görə, Prezident İlham Əliyev hərbi meydanda qazanılmış qələbəni siyasi-diplomatik müstəvidə də təsdiqlətməyi bacardı:
"Bu baxımdan, Vaşinqton zirvəsi həm ABŞ, həm də Azərbaycan diplomatiyası tarixində analoqu olmayan hadisədir. Çünki sülh sənədində əks olunan əsas prinsiplər - Azərbaycanın ərazi bütövlüyünün tanınması, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilməsi, Azərbaycana əlavə şərtlərin irəli sürülməməsi, eləcə də Zəngəzur istiqamətində kommunikasiyaların açılması kimi məsələlər dünyanın ən güclü dövləti olan ABŞ tərəfindən qəbul edildi, Ağ Evdə səsləndirildi və sənədlərdə öz əksini tapdı. Ermənistan da həmin prinsipləri qəbul etdi. Bu baxımdan, tam əminliklə demək olar ki, Vaşinqton zirvəsi Avropa məkanında Azərbaycanın qələbəsini şübhə altına alan və ya mübahisələndirməyə çalışan müəyyən siyasi dairələrə, o cümlədən Fransadakı, Almaniyadakı və Avropa Şurasındakı bəzi qüvvələrə də ciddi siyasi mesaj verdi. Bu hadisə istər Parisdə, istər Berlində, istərsə də Avropanın digər siyasi mərkəzlərində ciddi təsir yaratdı. Çünki əgər Vaşinqton Azərbaycanın qələbəsini tanıyırsa və ABŞ əvvəlki administrasiyanın yanaşmasından fərqli mövqe nümayiş etdirirsə, o halda Avropa İttifaqının da alternativi qalmır. Yəni separatizmi müdafiə etmək və ya Qarabağ ermənilərinin geri qaytarılması adı altında yeni siyasi layihələr irəli sürmək cəhdləri iflasa məhkumdur".
ABŞ-nin qəbul etdiyi reallıq: Diplomatik masada sübuta yetirilən iradəmiz ABŞ-nin qəbul etdiyi reallıq: Diplomatik masada sübuta yetirilən iradəmiz ABŞ-nin qəbul etdiyi reallıq: Diplomatik masada sübuta yetirilən iradəmiz ABŞ-nin qəbul etdiyi reallıq: Diplomatik masada sübuta yetirilən iradəmiz
Mənbə oxu.az

Oxşar Xəbərlər