Siyasət

Pasportunu gözləyən sülh

08 Aug 2026, 18:48 2 baxış
Pasportunu gözləyən sülh
2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə Cənubi Qafqazın geosiyasi mənzərəsini tamamilə dəyişdi. 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızda Azərbaycan bayrağı dalğalandırıldı. 2023-cü ilin antiterror tədbirləri isə ölkənin bütün ərazisində konstitusiya quruluşunun və dövlət suverenliyinin tam bərpasını təmin etdi. Ancaq müharibədə qazanılan qələbə ilə hüquqi baxımdan təsbit olunan sülh eyni mərhələ deyil. Məhz buna görə də Azərbaycan hərbi nəticələri siyasi və hüquqi nəticəyə çevirmək üçün sülh gündəliyini ardıcıl şəkildə irəli aparırdı. Mərhələli müharibədən sonra ölkəmizin sülh sazişi üçün irəli sürdüyü beş müddəa bu qəbildəndir. Bu proseslərin kulminasiya nöqtələrindən biri isə Vaşinqtonda keçirilən Azərbaycan-ABŞ-Ermənistan zirvəsi oldu. Tərəflərin sülh sazişinin mətnini paraflaması göstərdi ki, artıq müzakirə predmeti sənədin məzmunu deyil, onun imzalanması üçün zəruri hüquqi və siyasi şərtlərin yerinə yetirilməsidir. Yəni problem danışıqlar masasında deyil, Ermənistanın daxili hüquqi sistemində qalır. Azərbaycanın mövqeyi ilk gündən dəyişməyib. Rəsmi Bakı hesab edir ki, sülh sazişinin uzunömürlü olması üçün Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəalar aradan qaldırılmalıdır. Əks halda, imzalanacaq istənilən sənəd gələcəkdə daxili qanunvericiliklə ziddiyyət təşkil edə və yeni mübahisələr üçün hüquqi zəmin yarada bilər. Beynəlxalq praktikada da dayanıqlı sülh yalnız silahların susması ilə ölçülmür. Münaqişəyə səbəb olmuş hüquqi və siyasi iddialar aradan qaldırılmadıqca əldə olunan razılaşmaların davamlılığı daim sual altında qalır. Məhz buna görə Azərbaycan sülh müqaviləsini təkcə diplomatik sənəd kimi deyil, regionda yeni təhlükəsizlik arxitekturasının hüquqi əsası kimi qiymətləndirir.
Vaşinqtonda əldə olunan razılaşma bu baxımdan mühüm dönüş nöqtəsi sayıla bilər. Çünki ilk dəfə olaraq tərəflər sülh sazişinin mətnini paraflamaqla danışıqlar mərhələsini faktiki olaraq yekunlaşdırdılar. İndi prosesin gələcək taleyi Ermənistanın öz üzərinə düşən siyasi məsuliyyəti nə dərəcədə yerinə yetirəcəyindən asılıdır. Haqqın.az-dakı həmkarlarımızın dediyi kimi, son iki yüz ildə imzanı başqaları atırdılar, indi isə növbə bizə çatdı. Və hərdən qanunlardakı bəzi müddəalara görə həyatını verən insanların növbəti nəsilləri heç gözlərini qırpmadan onların ləğvinə imza atırlar: "Almanlara irəli sürülən tələb tam olaraq Bakının İrəvanın qarşısına qoyduğu şərt kimi idi: ərazi məsələsini bəyannamə ilə deyil, əsas qanunla bağlamaq. 1949-cu il əsas qanununun preambulasında bütün alman xalqına Almaniyanın birliyini başa çatdırmaq çağırışı yer alırdı, 23-cü maddə isə "Almaniyanın digər hissələrinin" birləşdirilməsi üçün sanki "açıq qapı", fürsət saxlayırdı və Varşavada bu "qapı"nı Sileziya, Pomeraniya və Şərqi Prussiyaya aradan qaldırılmamış iddia kimi qəbul edirdilər. Helmut Koll məsələni sona qədər uzatdı. 1990-cı ilin yanvarında o deyirdi ki, almanlar sərhəd məsələsini müzakirə etmək istəmirlər; Ottavadakı danışıqlarda onu heç kim, o cümlədən öz xarici işlər naziri də dəstəkləmədi. Sonra qətiyyət tapıldı və bundan sonra hər şey sürətlə getdi. 21 iyun 1990-cı ildə Bundestaq və ADR Xalq Palatası Oder və Neyse boyu sərhədin toxunulmazlığı haqqında birgə qətnamə qəbul etdilər. 12 sentyabrda Moskvada Yekun nizamlanma haqqında müqavilə imzalandı, onun birinci maddəsi hər iki alman hökumətini birləşmiş Almaniya Konstitusiyasında sərhədlərin qətiliyinə zidd olan heç nəyin qalmamasını təmin etməyə məcbur etdi - və onları birbaşa mətnlə sadaladı: preambula, 23-cü maddənin ikinci cümləsi, əsas qanunun 146-cı maddəsi. 3 oktyabrda preambulanı yenidən yazdılar, 23-cü maddəni ləğv etdilər. 14 noyabrda Varşavada sərhəd müqaviləsini imzaladılar. Almanlar Sileziya, Pomeraniya və Şərqi Prussiyadan imtina etdilər - bunu öz əsas qanunlarında göstərdilər və yalnız bundan sonra Polşa ilə müqavilə öz yerini aldı. Hərəkətlərin ardıcıllığı məhz belə idi: əvvəlcə konstitusiya, sonra imza". Odur ki, paraflama yalnız mətnin razılaşdırıldığını təsdiqləyən prosedurdur - nazirlərin sənədin səhifələrində qoyduğu işarədir ki, artıq mübahisə ediləcək heç nə qalmayıb, bütün ifadələr razılaşdırılıb. İmza isə hüquqi öhdəlik yaradır və bu, tamamilə fərqli siyasi və hüquqi çəkisi olan addımdır. Azərbaycan hələ ki həmin imzanı atmayıb. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qaldığı müddətdə də atmayacaq. Biz hadisələrin axarını passiv şəkildə gözləmirik. Biz məqsədli və şüurlu şəkildə gözləmə mövqeyi tutmuşuq. Bakının mövqeyi açıq şəkildə bəyan olunub və bir dəfə də olsun dəyişməyib: Ermənistanın konstitusiyasından ərazi iddiaları çıxarılan kimi sülh sazişi imzalanacaq. Prezident İlham Əliyev bunu cari ilin fevralında Münhen Təhlükəsizlik Konfransında bir daha bəyan etdi, bundan əvvəl də dəfələrlə eyni məzmunlu açıqlamalar verdi. Məhz bu ardıcıllıq və prinsipiallıq istənilən tələsik qərardan daha böyük siyasi gücə malikdir. Xülasə, əgər İrəvan konstitusiya islahatlarını həyata keçirərək Azərbaycana qarşı ərazi iddialarını hüquqi dövriyyədən çıxarsa, Cənubi Qafqazda onilliklərdir gözlənilən yekun sülh müqaviləsinin imzalanması üçün əsas maneə də aradan qalxacaq. Belə olan halda, 2020-ci ildə döyüş meydanında qazanılmış qələbə beynəlxalq hüquq müstəvisində də tam şəkildə rəsmiləşəcək və region yeni geosiyasi mərhələyə qədəm qoyacaq. 2025-ci il avqustun 8-də əsası qoyulan sülh də beləliklə "pasportu"nu əldə etmiş olacaq.
Pasportunu gözləyən sülh Pasportunu gözləyən sülh
Mənbə oxu.az

Oxşar Xəbərlər