İdman
Fərid Qayıbov: "Üzgüçülük yarışında iştirakçıların sayı 30 faiz artıb"
"Artıq beşinci dəfədir ki, Mingəçevirdə bu yarış keçirilir. Beş ildir davam etməsi onun artıq ənənəyə çevrildiyini göstərir və bu, çox müsbət haldır". Oxu.Az xəbər verir ki, bunu "Kürü keçək?! 5" üzgüçülük yarışından sonra jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib. O bildirib ki, digər sevindirici məqam iştirakçıların sayının ildən-ilə artmasıdır: "Ötən il də bunu qeyd etmişdik. Bu dəfə rəqəmlərə nəzər saldım və təxminən 30 faizə yaxın artımın olduğunu gördüm. Bu, kifayət qədər böyük göstəricidir. Təbii ki, bu artım həm Üzgüçülük Federasiyasının, həm də il ərzində bizim tərəfimizdən kütləvi idmanın inkişafı və təbliği istiqamətində görülən işlərin nəticəsidir. Bizi ən çox sevindirən məqamlardan biri də bu qədər insanın buraya toplaşmasıdır. İştirakçılar müxtəlif şəhər və rayonlardan gəliblər. Təbii ki, Bakıdan gələnlərin sayı daha çoxdur. Yarışın artıq bir ənənəyə çevrilməsi və ildən-ilə daha çox insanı cəlb etməsi bizi çox sevindirir". "Bütün iştirakçıları təbrik edirəm. Qadın iştirakçıların sayında da artım var. Burada müxtəlif yaş qruplarından insanların yarışdığını görürük. Həm uşaqlar, həm böyüklər, həm də 65 yaşdan yuxarı şəxslər iştirak ediblər. Bu gün Mingəçevirdə əsl idman bayramı yaşandı. Çalışırıq ki, belə yarışları digər rayon və şəhərlərdə də daha çox keçirək. Dünən Gəncədə artıq ənənəyə çevrilən üzgüçülük yarışlarından biri təşkil olundu. Həm Gəncədə, həm də bu gün Mingəçevirdə çoxsaylı könüllülərin iştirak etdiyini görürük. Onlara da təşəkkür edirəm. Bu cür yarışlarda iştirak etmək könüllülər üçün də yaxşı təcrübə və yeni bacarıqlar qazanmaq baxımından mühüm fürsətdir", - deyə nazir qeyd edib. Qeyd edək ki, artıq beşinci dəfədir keçirilən yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. Sağlam həyat tərzinin və su idman növlərinin təbliği məqsədilə keçirilən yarış bu il rekord sayda iştirakçını bir araya gətirib. Ümumilikdə 616 nəfərin qatıldığı yarışda ən gənc iştirakçının 12, ən yaşlının isə 79 yaşı olub. Yarış kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçirilib: 12-17 yaş, 18-23 yaş, 24-35 yaş, 36-55 yaş, 56-70 yaş və 71 yaşdan yuxarı. Kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçirilən yarışda hər kateqoriyada ilk üç yeri tutan iştirakçılar mükafatlandırılıblar.
Mənbə
oxu.az