Siyasət
Asif Əli Zərdari Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndiyini bildirib
Azərbaycanın Pakistanda səlahiyyət müddəti başa çatan səfiri Xəzər Fərhadov "Ayvan-e-Sədr" iqamətgahında Pakistan Prezidenti Asif Əli Zərdari ilə vida görüşü keçirib. Oxu.Az xəbər verir ki, bu barədə Pakistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Dövlət başçısı diplomatın Azərbaycan və Pakistan arasında mövcud olan ənənəvi qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə verdiyi töhfəni xüsusi vurğulayıb. Prezident Zərdari bildirib ki, Pakistan Azərbaycanı etibarlı qardaş dövlət və strateji tərəfdaş kimi yüksək dəyərləndirir. O, qarşılıqlı etimada və tərəflərin maraqlarının qətiyyətli dəstəklənməsinə əsaslanan ikitərəfli münasibətlərin davamlı olaraq inkişaf etdiyini diqqətə çatdırıb. Pakistan rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ilin iyulunda baş tutan və ikitərəfli əlaqələrdə yeni mərhələ açan tarixi dövlət səfərinin təşkilində səfirin oynadığı rolu təqdir edib. Zərdari iki ölkə arasında mədəni, işgüzar, parlament və ictimai mübadilələrin fəallaşmasından məmnunluğunu ifadə edib. O, hər iki dövlət rəhbərliyinin birgə baxışlarının turizm, iqlim, informasiya texnologiyaları, nəqliyyat infrastrukturu, ticarət və investisiya sahələrində real nəticələrə çevrilməsi, habelə təhlükəsizlik və müdafiə sferasında əməkdaşlığın genişləndirilməsi istiqamətində qətiyyətini bir daha təsdiqləyib. Prezident Zərdari diplomatı İslamabaddakı fəaliyyətini uğurla başa vurması münasibətilə təbrik edib və gələcək işlərində ona ən xoş arzularını çatdırıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər