Dünya
Gecələr tez-tez oyanmağın üç qeyri-aşkar səbəbi
Gecə tez-tez oyanmağın səbəbi yalnız səs-küy, parlaq işıq, narahat yataq dəsti və ya gec saatlarda içilən qəhvə deyil. Oxu.Az bildirir ki, rusiyalı terapevt Maksim Qubka "Lenta.ru"ya müsahibəsində yuxunun pozulmasının üç qeyri-aşkar səbəbini açıqlayıb. Həkim gecə oyanmalarının ən gözlənilməz səbəblərindən biri kimi gizli susuzlaşmanı göstərib. "Gün ərzində kifayət qədər maye qəbul edilməməsi gecə susuzluq və ağızda quruluqla müşayiət oluna bilər. Axşam saatlarında həddindən artıq maye qəbulu isə ayaqyoluna getmək zərurəti səbəbindən tez-tez oyanmalara gətirib çıxara bilər", - deyə o bildirib. Maksim Qubkanın sözlərinə görə, problemin digər səbəbi gizli ağrı sindromu və visseral pozuntular (vegetativ sinir sistemi tərəfindən idarə olunan daxili orqanların - mədə, bağırsaq, qaraciyər, ürək və ağciyərlərin fəaliyyətindəki pozuntulardır. Bu hallar ağrı, spazm, ürəkbulanma, qan təzyiqinin kəskin artması və ya nəfəs almaqda çətinlik kimi əlamətlərlə özünü göstərə bilər və çox vaxt stres, onurğa xəstəlikləri və ya infeksiyalar səbəbindən yaranır - red.) ola bilər. O vurğulayıb ki, onurğada və ya oynaqlarda əhəmiyyətsiz görünən, lakin davamlı olan ağrılar, bağırsaq kolikləri (bağırsaq sancıları), qastroezofageal reflüks və ya qaraciyər nahiyəsində narahatlıq heç də həmişə yuxusuzluğun səbəbi kimi qəbul edilmir. Lakin həkimin sözlərinə görə, bədən vəziyyətinin dəyişməsi zamanı və ya yuxunun daha dərin mərhələlərinə keçərkən bu hisslər güclənə və oyanmalara səbəb ola bilər. Maksim Qubka qeyd edib ki, gecələr tez-tez oyanmaq həmçinin narahatlıq və stresin nəticəsi ola bilər. O izah edib ki, xroniki psixoemosional gərginlik hormonal balansı, ilk növbədə, kortizol və adrenalinin səviyyəsini dəyişdirir. Buna görə də gün ərzində narahatlıq idarəolunan görünsə belə, gecə orqanizm bunun əvəzini tez-tez oyanmalar, kabuslar və yuxunun fraqmentasiyası (parçalanması) ilə ödəyə bilər.
Mənbə
oxu.az