Dünya
ABŞ SEPAH üçün silah daşıyan aviaşirkəti sanksiya siyahısından çıxardı
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İraqın "Fly Baghdad" aviaşirkətini SDN sanksiyalar siyahısından çıxarıb. Oxu.Az xəbər verir ki, bu barədə qurumun saytında dərc olunan məhdudiyyətlər siyahısının yenilənmiş versiyasında bildirilib. Bağdadda qeydiyyatdan keçmiş şirkət, həmçinin bort nömrələri YI-BAF və YI-BAN olan iki "Boeing 737" təyyarəsi məhdudiyyətlərdən azad edilib. Aviaşirkət siyahıda bir neçə adla - "Fly Baghdad", "Fly Baghdad Airlines Company" və "Iraq Express" kimi qeyd olunurdu. 2014-cü ildə təsis edilmiş daşıyıcı antiterror SDGT proqramı çərçivəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xaricdəki əməliyyatlarına cavabdeh olan "Qüds" qüvvələri ilə əlaqəli qurum kimi sanksiya siyahısına daxil edilmişdi. Bununla belə, "Fly Baghdad"ın baş direktoru və sahibi Bəşir əl-Şəbbanidən sanksiyalar götürülməyib. OFAC yalnız onunla bağlı qeyddəki ifadəni dəyişib. Belə ki, iraqlı iş adamı artıq aviaşirkətlə deyil, birbaşa SEPAH-ın "Qüds" qüvvələri ilə əlaqəli şəxs kimi sanksiya siyahısında qalır. ABŞ Maliyyə Nazirliyi "Fly Baghdad" və Bəşir əl-Şəbbanini 2024-cü ilin yanvarında sanksiya siyahısına daxil etmişdi. Qurum bəyan etmişdi ki, aviaşirkət illər boyu "Qüds" qüvvələrinin və onların İraq, Suriya və Livandakı proksi-qruplaşmalarının əməliyyatlarını dəstəkləyib.
Mənbə
oxu.az