Dünya
ABŞ-də kahı epidemiyaya səbəb oldu
ABŞ-nin Miçiqan ştatında siklosporoz infeksiyası nəticəsində ilk ölüm halları qeydə alınıb. Həyatını itirən iki nəfərin xroniki xəstəliklərdən əziyyət çəkdiyi, aqressiv infeksiyanın isə onların vəziyyətini ağırlaşdıraraq ölümlə nəticələndiyi bildirilir. Bundan əlavə, təxminən 200 nəfər xəstəxanaya yerləşdirilib, yoluxanların ümumi sayı isə 11 mini ötüb. Oxu.Az xəbər verir ki, bu barədə Mir24.ru məlumat yayıb. Məlumata görə, bağırsaq infeksiyasının yayılması artıq ABŞ-nin doqquz ştatını əhatə edib. Bu, son illərdə ölkədə qidamənşəli infeksiyalar arasında qeydə alınan ən böyük epidemiyalardan biri hesab olunur. Hadisədən sonra amerikalılar kütləvi şəkildə şəbəkə restoranlarından uzaq durmağa, mağazalardan isə kahı almaqdan çəkinməyə başlayıblar. Siklosporoz nazik bağırsağı zədələyən parazitar xəstəlikdir. Yoluxma əsasən çirklənmiş tərəvəz, giləmeyvə və ya içməli su vasitəsilə baş verir. Xəstəliyin ən təhlükəli fəsadı sürətlə inkişaf edən susuzlaşmadır. Əsas əlamətlərinə güclü sulu ishal, qarın spazmları, ürəkbulanma, iştahasızlıq və kəskin halsızlıq daxildir. Araşdırmalar nəticəsində müəyyən edilib ki, yoluxmanın mənbəyi Meksikada yetişdirilmiş "Aysberq" kahısı olub. Bu məhsul fastfud restoranlarına, digər ictimai iaşə obyektlərinə və pərakəndə satış şəbəkələrinə tədarük edilib. İstehsalçı məhsul partiyalarını geri çağırsa da, infeksiya artıq geniş yayılıb. Mütəxəssislərin sözlərinə görə, parazit əsasən suvarmada istifadə olunan çirkli su vasitəsilə tərəvəzlərin yarpaqlarına keçir. Bu səbəbdən tərəvəzlərin ev şəraitində adi qaydada yuyulması tam qorunma təmin etmir. Onlar bildirirlər ki, effektiv profilaktika üçün istehsal və qablaşdırma mərhələsində ciddi sanitariya nəzarətinin təmin edilməsi vacibdir.
Mənbə
oxu.az