Dünya

Müntəzəm gündəlik rejimin orqanizm üçün faydaları müəyyən edilib

03 Aug 2026, 07:34 2 baxış
Müntəzəm gündəlik rejimin orqanizm üçün faydaları müəyyən edilib
ABŞ-ın Missuri Universitetinin alimləri müəyyən ediblər ki, müntəzəm gündəlik rejimə riayət etmək yaşlı insanlarda fiziki ağrı və depressiya əlamətlərinin daha az müşahidə olunması ilə əlaqəlidir. Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Behavioral Medicine" jurnalında dərc olunub. Alimlər 67 yaşlı iştirakçının məlumatlarını təhlil ediblər. Onlardan 37 nəfərinə yuxusuzluq diaqnozu qoyulub. Araşdırmada yuxu rejimi, yemək vaxtı, iş qrafiki, sosial əlaqələr və yatmaq saatı kimi gündəlik vərdişlərin fiziki və psixoloji sağlamlığa təsiri qiymətləndirilib. Nəticələr göstərib ki, müntəzəm gündəlik rejimə əməl edən yaşlı insanlar yuxunun keyfiyyətindən asılı olmayaraq daha az fiziki ağrı hiss edir və onlarda depressiya əlamətləri daha az müşahidə olunur. Tədqiqat müəlliflərinin sözlərinə görə, hər gün eyni saatda oyanmaq, qidalanmaq, sosial fəaliyyət göstərmək və yatmaq orqanizmin bioloji ritmlərinin sabitləşməsinə kömək edir. Bu isə ümumi sağlamlığa müsbət təsir göstərir. Yuxusuzluğu olan iştirakçılar ümumilikdə daha yüksək ağrı və depressiya səviyyəsi bildirsələr də, sabit gündəlik rejim bu mənfi təsirləri əhəmiyyətli dərəcədə zəiflədib. Alimlər hesab edirlər ki, gündəlik fəaliyyətlərin müntəzəm təşkili yuxu problemləri tam aradan qaldırıla bilmədiyi hallarda belə, yaşlı insanların fiziki və psixi sağlamlığını yaxşılaşdırmaq üçün sadə və əlçatan üsul ola bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər