Dünya
ABŞ-də ən böyük volfram yatağı kəşf edilib
ABŞ-nin Nevada ştatında dəyəri təxminən 152 milyard dollar olan ölkənin ən böyük volfram yatağı aşkar edilib, lakin onun istismarı ərazinin bir hissəsində NASA-nın hasilata qoyduğu qadağa səbəbindən maneə ilə üzləşə bilər. Oxu.Az bildirir ki, bu barədə "Financial Times" nəşri "3 Proton Lithium" (3PL) şirkətinin məlumatlarına istinadən yazır. Son qazma işlərinin nəticələrinə əsasən, şirkət şərqi Nevadadakı "Railroad Valley Minerals Project" layihəsinin ehtiyatlarını 1.78 milyon ton həcmində qiymətləndirir. Cari qiymətlərlə yatağın dəyəri təxminən 152 milyard dollar təşkil edir. Həmçinin oradakı yeraltı duz laylarında litium, bor və kalium karbonat aşkar edilib. 3PL şirkətinin sədri və maliyyə direktoru Kevin Mur vurğulayıb ki, layihə strateji əhəmiyyətə malikdir, çünki ABŞ təxminən on il əvvəl volfram istehsalını dayandırıb və hazırda idxaldan asılıdır. Əsas problem ondadır ki, təxminən 44 kv.km sahəsi olan ərazi Torpaq Resurslarının İdarə Edilməsi Bürosu tərəfindən bu zonadan peyk cihazlarının kalibrlənməsi və siqnalların izlənilməsi üçün istifadə edən NASA-nın sorğusu ilə 2023-cü ildə qoyulmuş 20 illik hasilat qadağasına görə istismar üçün əlçatmazdır. Murun sözlərinə görə, şirkət NASA-nın məhdudiyyətlərinin ləğvi üçün Konqres və Ağ ev səviyyəsində danışıqlar aparır, lakin agentliyin mövqeyi dəyişməz olaraq qalır.
Mənbə
oxu.az