Dünya
Rumıniyada ayıların daha çox məhv edilməsinə icazə verildi
Rumıniya parlamenti 2026 və 2027-ci illərdə ayıların ovlanması üçün illik kvotanı iki dəfə artıraraq təxminən 900 başa çatdırıb. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, Rumıniyada 10 000 - 13 000 baş qonur ayı yaşayır və bu, Avropada Rusiya istisna olmaqla ən böyük populyasiyadır. Qərar heyvanların insanlara hücumlarının sayının artması fonunda qəbul edilib. Ölkənin Ekologiya Nazirliyinin məlumatına görə, son 20 ildə ayılar Rumıniyada təxminən 30 nəfəri öldürüb. Dağlıq rayonların sakinləri təbii yaşayış mühitinin kiçilməsi səbəbindən yaşayış məntəqələrində qida axtaran vəhşi heyvanlarla daha tez-tez qarşılaşırlar. Təbiət mühafizəçiləri yeni qanunu tənqid edərək bildirirlər ki, ov böyük ehtimalla şəhərlərə daxil olan balalı ana ayılara yox, meşələrin dərinliyində ovçular üçün dəyərli olan fərdlərə yönələcək. Qeyd edək ki, Rumıniyada 2021-ci ildən bəri yerli hökumət orqanları xüsusi mülkiyyətə daxil olan ayıları vurmaq hüququ əldə ediblər.
Mənbə
oxu.az