Dünya
ABŞ su təchizatı sistemlərinə kiberhücumlarda İrandan şübhələndiyini bildirib
ABŞ-də yeddi ştatın su təchizatı sistemlərinin kompüter şəbəkələri haker hücumlarına məruz qalıb və bu, son illərdə ölkənin bu sahədə üzləşdiyi ən ciddi kiberhücumlardan biri hesab olunur. Oxu.Az "CBS News"a istinadən xəbər verir ki, ABŞ Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyinin (CISA) ekspertləri hücumların arxasında İran hakerlərinin dayana biləcəyini ehtimal edirlər. Məlumata görə, hücumlar ötən həftə ərzində baş verib. Federal qurumlar araşdırma müddətində zərərçəkən bölgələrin siyahısını adətən açıqlamadığı üçün hazırda yalnız dörd ştatın adı məlumdur. Bunlar Minnesota, Miçiqan, Cənubi Dakota və Viskonsindir. Bildirilir ki, hücumlardan sonra bəzi su təchizatı operatorları sistemləri xarici şəbəkədən ayırmağa məcbur olublar. Su təsərrüfatı əməkdaşları nasosları işə salmaq, borulardakı təzyiqi tənzimləmək və suda olan müxtəlif reagentlərin səviyyəsini ölçmək üçün prosesləri əllə həyata keçiriblər. Zərərçəkmiş ştatların hakimiyyət orqanları sakinlərə təhlükəsizlik məqsədilə suyu qaynatmaq barədə xəbərdarlıq edib, həmçinin xəstəxanalar və əhali üçün çənlərdə və butulkalarda su təmin ediləcəyini bildiriblər. Araşdırmanı aparan xüsusi xidmət orqanları hələlik hücumların məhz İran hakerləri tərəfindən həyata keçirildiyini dəqiq təsdiqləmirlər. Hazırda daha dəqiq nəticələrə gəlmək üçün texniki məlumatlar toplanır. CISA ekspertləri qeyd ediblər ki, hücumları başqa bir qrup həyata keçirərək ABŞ-İran qarşıdurması fonunda gərginliyi artırmaq məqsədilə özünü İran hakeri kimi təqdim etmiş də ola bilər.
Mənbə
oxu.az