Dünya
Kaliforniya günəş enerjisi istehsalında dünya rekordu müəyyənləşdirdi
May ayında ABŞ-nin Kaliforniya ştatında elektrik enerjisi istehsalında günəş enerjisinin payı 50%-i ötüb. Bu göstərici iri enerji sistemi üçün dünya praktikasında ilk belə hal ola bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Los Angeles Times" Britaniyanın "Ember" analitik mərkəzinə istinadən məlumat yayıb. Bildirilib ki, bu nəticə son dövrlərdə Kaliforniyada qeydə alınan ikinci mühüm enerji rekordudur. ABŞ Enerji İnformasiyası Administrasiyasının məlumatına görə, 2026-cı ilin ilk beş ayında günəş enerjisindən əldə olunan elektrik istehsalı uzun illər ştatın əsas enerji mənbəyi olmuş təbii qazı üstələyib. Mütəxəssislərin fikrincə, 2026-cı il günəş enerjisinin Kaliforniyanın ümumi enerji balansında təbii qazı ilk dəfə geridə qoyduğu il ola bilər. Məlumata görə, mülayim hava şəraiti də bu nəticəyə töhfə verib. Elektrik enerjisinə tələbatın nisbətən aşağı olması günəş enerjisinin istehlakın böyük hissəsini ödəməsinə imkan yaradıb. 2018-ci ildə qəbul edilmiş qanuna əsasən, Kaliforniya 2045-ci ilədək elektrik enerjisi istehsalını tamamilə təmiz enerji mənbələri hesabına təmin etməyi planlaşdırır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər