İdman
UEFA Konfrans Liqası: "Zirə" və "Neftçi" revanş görüşlərinə çıxırlar
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin təkrar görüşləri davam edir. Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın iki təmsilçisi meydana çıxacaq. İlk olaraq "Zirə" Estoniyanın "Payde" klubunu qəbul edəcək. Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Xatırladaq ki, "Zirə" səfərdə keçirilən ilk görüşdə məğlub olub - 1:0. Daha sonra, "Neftçi" "Dinamo Minsk"lə cavab qarşılaşmasına çıxacaq. Bolqarıstanın Stara-Zaqora şəhərinin "Beroye" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk qarşılaşmada "Neftçi" öz meydanında 2:4 hesabı ilə məğlub olub. UEFA Konfrans Liqası II təsnifat mərhələsi, cavab görüşləri Saat 20:00. "Zirə" - Payde (Estoniya); Saat 21:00. "Dinamo Minsk" (Belarus) - "Neftçi". Qeyd edək ki, "Zirə" - "Payde" cütünün qalibi 3-cü təsnifat mərhələsində "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün, "Neftçi" - "Dinamo Minsk" cütünün qalibi isə "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
Mənbə
oxu.az