Dünya
Ərdoğan: "Türkiyə Kərkükdəki yataqların işlənməsində iştirak edəcək"
Türkiyə Dövlət Neft Şirkəti (TPAO) İraqın şimalındakı Kərkük yataqlarının işlənilməsində iştirak edəcək. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Əli əz-Zeydi ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. "Turkish Petroleum" şirkəti Kərkükdəki yataqların işlənilməsində iştirak etmək hüququ əldə edib. Bu gün imzalanan saziş energetika sektorunda tərəfdaşlığın inkişafı baxımından tarixi addımdır", - deyə Ərdoğan vurğulayıb. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar isə dəqiqləşdirib ki, "bp" şirkəti ilə imzalanmış sazişə əsasən, TPAO "bp Energy Company of Kirkuk Limited" (BPECKL) şirkətinin 15 faiz səhmlər paketini əldə edib. "Bu tərəfdaşlıq sayəsində TPAO İraqın karbohidrogen hasilatı baxımından ən mühüm bölgələrindən biri olan Kərkük yataqlarının işlənilməsində iştirak edəcək. Şirkət potensial olaraq təxminən 3 milyard barel həcmində qiymətləndirilən ehtiyatların istismarına başlanılması üçün BPECKL-dəki tərəfdaşları ilə əməkdaşlıq edəcək", - deyə Bayraktar "X" sosial şəbəkəsində yazıb.
Mənbə
oxu.az