Dünya

"Flydubai" kapitanına hücumun təfərrüatı: İkinci pilot ibadət etmək bəhanəsi ilə yerindən qalxıbmış

04 Oct 2026, 10:46 2 baxış
"Flydubai" kapitanına hücumun təfərrüatı: İkinci pilot ibadət etmək bəhanəsi ilə yerindən qalxıbmış
"Flydubai" aviaşirkətinin təyyarə kapitanı, Hindistan vətəndaşı Smit Maççhara hücum edən ikinci pilot hadisədən bir qədər əvvəl ibadət etmək istədiyini bildirərək yerini tərk edib. Oxu.Az xəbər verir ki, Smit Maççhar bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı danışıb. Söhbətin audioyazısı İsrail baş nazirinin mətbuat xidməti tərəfindən "X" sosial şəbəkəsində yayımlanıb. Kapitan hadisənin necə baş verdiyini belə təsvir edib: "İkinci pilot ibadət etmək istədiyini dedi. Yerli sakinlərin çoxu ibadət edir, bunda qeyri-adi heç nə yoxdur. O ibadət edərkən mən hörmət əlaməti olaraq irəliyə baxır, arxaya çevrilmirdim. Qəfildən, 4-5 dəqiqə sonra başımın arxasına güclü zərbə dəydi. Əvvəlcə təyyarədə nəsə baş verdiyini düşündüm, lakin zərbələr davam edirdi. O zaman anladım ki, problem təyyarədə deyil, kabinədə mənimlə birlikdə olan həmin adamdadır". Maççharın sözlərinə görə, o, ikinci pilotu dayandırmağa çalışsa da, aldığı ilk zərbələrdən sonra heç nə görə bilməyib və yerə yıxılıb. Təyyarənin aşağı düşdüyünü hiss edən kapitan son gücünü toplayaraq ayağa qalxıb və kabinənin qapısını açıb. Qapının qarşısında gözləyən sərnişinlər dərhal içəri daxil olaraq təyyarənin idarəetməsini ələ alıblar. Xatırladaq ki, hadisə sentyabrın 30-da səhər saatlarında "Flydubai" aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan FZ1073 nömrəli reysini yerinə yetirən "Boeing 737" təyyarəsində baş verib. Ekipaj əvvəlcə fövqəladə vəziyyət siqnalı, daha sonra isə qanunsuz müdaxilə və ya təyyarənin ələ keçirilməsi kodunu ötürüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər