Dünya
Berlin terrorçusunun bibioğulları İŞİD üzvləri çıxdılar
Berlinin mərkəzində furqon və maçetedən istifadə edərək terror aktı törədən Əbdül Ballutun iki bibioğlusunun İŞİD terror qruplaşmasının üzvləri olduğu məlum olub. Oxu.Az xəbər verir ki, bu barədə "Die Zeit" qəzeti Livan müstəntiqlərinin alman həmkarları ilə paylaşdığı sənədlərə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Ballut 2025-ci ilin iyulunda terrorçuluqda şübhəli bilinərək Livanda saxlanılıb. Livan müstəntiqlərinin sonradan Almaniyanın Federal Kəşfiyyat Xidmətinə (BND) təqdim etdiyi istintaq hesabatında bildirilir ki, o, mesencer vasitəsilə İŞİD-in ehtimal olunan üzvləri ilə əlaqə saxlayaraq Suriyaya getməsinə kömək etmələrini istəyib. Ballut yazışmalar zamanı "ona İŞİD sıralarında həlak olmuş livanlı Əbu Bilal və hazırda İraqda həbsdə olan Məhəmməd adlı iki bibioğlusunun zəmanət verdiyini" bildirib. Livan müstəntiqlərinin qənaətinə görə, bu məlumat təşkilata qoşulmaq üçün uydurulmuş yalan olmayıb. İstintaq materiallarına əsasən, müəyyən edilib ki, hər iki şəxs Ballutun atasının bacısının oğullarıdır. Ballutun bibisi Hanan Ömər Bəkri Fustukla ailə qurub. Fustuk isə Ömər Bəkri Məhəmməd adı ilə beynəlxalq cihadçılıq hərəkatının tanınmış simalarından biri hesab olunur. O, uzun illər Böyük Britaniyada gənclərin radikallaşdırılması ilə məşğul olub və onların bir qismi sonradan "Əl-Qaidə" və digər terror qruplaşmalarına qoşulub. Fustuk 2023-cü ilə qədər Livanda həbs cəzası çəkib. Britaniya mediasının məlumatına görə, onun iki oğlu da İŞİD sıralarında döyüşüb. Bildirilir ki, Bilal 2015-ci ildə İraqda öldürülüb. Digər oğlu Məhəmmədin isə bir neçə ay sonra Suriyanın Hələb şəhəri yaxınlığında gedən döyüşlərdə həlak olduğu qeyd edilir. Bununla belə, bəzi KİV onun "Suriya Demokratik Qüvvələri"nin kürd birləşmələri tərəfindən saxlanıldığını yazıblar. Alman müstəntiqlər həmçinin müəyyən ediblər ki, Ballut 2024-cü il oktyabrın 28-də ehtimal ki, bibioğlusu Bilalın xatirəsini anmaq məqsədilə onun fotosunu "WhatsApp" statusunda paylaşıb. Xatırladaq ki, iyulun 25-i axşam saatlarında Almaniya vətəndaşı, livanəsilli 21 yaşlı Əbdül Ballut Berlinin mərkəzindəki Tirqarten parkında LGBT icmasının hüquqlarına dəstək aksiyasının keçirildiyi ərazidə avtomobili insanların üzərinə sürüb. Son məlumata görə, hadisə nəticəsində bir qadın həlak olub, 31 nəfər yaralanıb. Mayın 12-də Ballut yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmənin qərarı ilə İŞİD-ə qoşulmağa cəhd göstərdiyinə görə bir il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Baş Prokurorluq hökmü həddindən artıq yüngül hesab edərək apellyasiya şikayəti verib. Bu səbəbdən məhkəmənin qərarı hüquqi qüvvəyə minməyib. Məhkəmə qüvvədə olan həbs qətimkan tədbirini ləğv edərək bildirib ki, ilkin həbs ilk növbədə cinayət mühakimə icraatının təmin edilməsinə xidmət edir və vaxtından əvvəl cəza xarakteri daşımır.
Mənbə
oxu.az