İdman
Valdas Dambrauskas: "KuPS" azarkeşləri öz komandaları ilə fəxr edə bilərlər"
"Azərbaycan təmsilçisinin avrokubokların əsas mərhələsinə vəsiqə qazanması tarixi uğurdur". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubu ilə cavab matçından sonra mətbuat konfransında bildirib. Litvalı mütəxəssis komandasının çıxışını yüksək qiymətləndirib: "Komandanı, azarkeşləri, rəhbərliyi və bütün Azərbaycan futbol ictimaiyyətini təbrik etmək istəyirəm. Azərbaycan təmsilçisinin avrokubokların əsas mərhələsinə vəsiqə qazanması tarixi uğurdur. Çox çətin oyundan sonra bunu bacardığımız üçün fəxr edirəm. "KuPS" azarkeşlərini də təbrik edirəm, onlar öz komandaları ilə fəxr edə bilərlər". O, ilk hissədə rəqibin daha yaxşı oynadığını vurğulayıb: "İlk matçdakı 1:0 hesablı qələbəyə baxmayaraq, rəqib yaxşı hazırlaşmışdı. Birinci yarıda onlar daha üstün idilər. Fasilədə futbolçularla nə etməli olduğumuzu müzakirə etdik və şadam ki, onlar tapşırıqları dəqiq yerinə yetirdilər. İkinci yarıda daha çox üstünlük əldə etdik, qol vurduqdan sonra isə təşəbbüsü tamamilə ələ aldıq. İki oyunun nəticəsinə görə mərhələ adladığımız üçün şadam. Bu gecə Bakıya uçuruq və növbəti həftə keçiriləcək qarşılaşmaya hazırlaşmalıyıq. Çünki avrokuboklar böyük güc tələb edir". Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Sabah" "KuPS"u iki oyunun nəticəsinə (1:0, 0:2) əsasən məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. "Sabah" bu nəticədən sonra ən azı UEFA Konfrans Liqasının əsas mərhələsini təmin edib.
Mənbə
oxu.az