Dünya
İspaniyada kritik vəziyyət: Kəskin istilərdən ölənlərin sayı dörd minə çatır
İspaniyada 2026-cı il ərzində kəskin isti hava şəraiti nəticəsində 3 800-dən çox insan həyatını itirib. Oxu.Az xəbər verir ki, bu məlumatı İspaniya hökumətinin sədri Pedro Sançes Madriddə təşkil olunmuş tədbir zamanı açıqlayıb. Hökumət rəhbərinin sözlərinə əsasən, bu il ölkədə baş verən meşə yanğınları nəticəsində 150 000 hektara yaxın ərazi külə dönüb və 13 nəfər həlak olub. "Hesablamalara görə, İspaniyada isti havaların qurbanı olanların sayı 3 800 nəfəri ötür", - baş nazir qeyd edib. Sançes əlavə edib ki, iqlim böhranı ən çox həssas qruplara zərər vurur. "Söhbət iqlimlə bağlı yaranmış fövqəladə hala qarşı müqavimət göstərmək imkanı az olan şəxslərdən gedir. Buraya qocalar, azyaşlılar, eləcə də qızmar hava şəraitində işləyənlər və təbii ki, xroniki xəstəlikləri olanlar daxildir", - deyə Sançeş qeyd edib. Bir müddət öncə İspaniya meteoroloqları 2026-cı ilin ilk altı ayının ölkədə son 65 ilin ən isti dövrü kimi qeydə alındığını bildirmişdilər. Eyni zamanda, cari ilin iyun ayı meteoroloji müşahidələr tarixində 2025-ci ilin analoji dövründən sonra ikinci ən isti ilk yay ayı olub. Qeyd edilən müddətdə orta temperatur iqlim normasından 3.2 dərəcə yüksək olub.
Mənbə
oxu.az