Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan
Hazırda müəyyən informasiya çatışmazlığı yaşasam da, biznesmenlərimizin müxtəlif sahələrdə üzləşdiyi ciddi çətinlikləri təsəvvür edə bilirəm. İnsanların uzun illər ərzində addım-addım qurub yaratdığı və tətbiq etdiyi hər şey bir anda çökə bilər. Ermənistanın yalnız Avropaya deyil, həm də ərəb ölkələrinə, ABŞ-a və digər istiqamətlərə ixracının tərəfdarıyam. Lakin ixrac bazarını bir günə, bir aya, hətta bir ilə tamamilə dəyişmək mümkün deyil.
Axar.az xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyan “Kentron” cəzaçəkmə müəssisəsindən göndərdiyi müraciətdə deyib.
“Yeni bazarlara sakit, peşəkar və səbirli şəkildə çıxmaq, köhnə bazarı və əvvəlki iqtisadi əlaqələri dağıtmamaq lazımdır. Hazırda isə biz bunun tam əksini edirik. Əvvəlki müraciətlərimin birində qeyd etmişdim ki, Azərbaycan bizim sürətlə tərk etdiyimiz bazarlara intensiv şəkildə daxil olur. Ənənəvi bazarlar itirildikdən sonra əvvəlki mövqeləri bərpa etmək son dərəcə çətin olacaq, bəzi hallarda isə bu, ümumiyyətlə mümkün olmayacaq. Real həyatda yaşayan və çalışan insanlar bunu çox yaxşı bilir. Ofis şəraitindən kənara çıxmayanlar isə bunu təsəvvür belə edə bilmirlər. Bu gün addım atmasaq, sabah yeni sahələr üçün problemlər yaranacaq”, - o bildirib.