Cəmiyyət
Yatmazdan əvvəl hansı qidalar yuxusuzluğa səbəb olur?
"Axşam yeməyi yuxunun keyfiyyətinə birbaşa təsir göstərə bilər və bunun səbəbi heç də həmişə həddindən artıq qida qəbulu olmur. Bəzi qidalar sinir sistemini stimullaşdırır və ya həzm sistemini daha intensiv işləməyə məcbur edir ki, bu da yuxuya getməyi xeyli çətinləşdirir". Oxu.Az xəbər verir ki, bunu gazeta.ru-ya rusiyalı həkim, tibb elmləri namizədi Oksana Mixaleva deyib. "İlk növbədə, yatmazdan əvvəl tərkibində kofein olan qidalardan uzaq durmaq lazımdır. İnsanların çoxu yalnız qəhvəni xatırlayır, lakin tünd çay və şokoladın tərkibində də kifayət qədər kofein var. Buna görə də, əgər yuxuya getməkdə çətinlik çəkirsinizsə, bu qidaları axşam saatlarında rasiondan çıxarmaq daha məqsədəuyğundur", - deyə mütəxəssis bildirib. Həkimin sözlərinə görə, ağır və yağlı qidalar - fastfud, qızardılmış yeməklər, yağlı ət növləri və müxtəlif souslar da gecə yuxusuna mənfi təsir göstərir. "Belə qidaların həzmi daha uzun çəkir. Nəticədə orqanizm yuxuya hazırlaşmalı olduğu vaxt mədə-bağırsaq sistemi aktiv fəaliyyətini davam etdirir. Bundan əlavə, yağlı qidalar qəbul edildikdən sonra mədədə ağırlıq hissi, narahatlıq və ya qıcqırma yarana bilər ki, bu da gecə yuxusunun keyfiyyətini aşağı salır", - deyə o qeyd edib. Həkim həmçinin axşam saatlarında zülalla zəngin qidaların həddindən artıq qəbulunu da məqsədəuyğun hesab etmir. "Axşam yeməyində zülalın həddindən artıq olması həzm sisteminə əlavə yük yaradır. Bu isə ağırlıq hissinə səbəb ola və yuxuya tez getməyə mane ola bilər", - deyə Mixaleva vurğulayıb. Mütəxəssis şam yeməyini yatmazdan təxminən 2-3 saat əvvəl yeməyi tövsiyə edib. Onun sözlərinə görə, yuxudan dərhal əvvəl qida qəbulu aktiv həzm prosesinə səbəb olur və maddələr mübadiləsində iştirak edən hormonların orqanizmi gecə istirahətinə hazırlayan təbii mexanizmlərini poza bilər.
Mənbə
oxu.az
Oxşar Xəbərlər