Cəmiyyət

"Atası dedi ki, artistə qız vermərəm" - Çingiz Əhmədov həyat yoldaşı ilə tanışlıq hekayəsini danışdı - VİDEO

25 Jul 2026, 01:48 2 baxış
"Atası dedi ki, artistə qız vermərəm" - Çingiz Əhmədov həyat yoldaşı ilə tanışlıq hekayəsini danışdı - VİDEO
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı Əməkdar artist Çingiz Əhmədov olub. Uşaqlıq və gənclik illərindən danışan aktyor həmin dövrdə böyük tamaşaçı sevgisi qazandığını bildirib.

Onun sözlərinə görə, televiziyada tez-tez görünməsi, xüsusilə, gənc qızların diqqətini çəkib: "Hansısa məktəbin yanından keçəndə qızlar üstümə şığıyırdılar. O vaxtlar buruq saçlarım var idi, geyimimə də çox fikir verirdim. Televiziyada ayda dörd dəfə efirə çıxırdım. Rejissorlar məni verilişlərinə dəvət edirdilər və getdikcə insanların sevimlisinə çevrilirdim". Çingiz Əhmədov bildirib ki, yaşadığı binanın qarşısında onu görmək üçün gözləyənlər də olub: "Subay vaxtlarımda yaşadığımız evin qarşısında səkkiz-on qız dayanıb gözləyirdi ki, küçəyə nə vaxt çıxacağam. O zaman indiki kimi hamının əlində telefon yox idi. Kimin fotoaparatı olurdusa, gəlib şəkil çəkdirirdi". Əməkdar artist həyat yoldaşı Mehriban xanımla tanışlıq tarixçəsindən də danışıb. O bildirib ki, onları dostu tanış edib: "Dostum dedi ki, "yaxşı oğlansan, istəyirəm, yaxşı bir qızla ailə qurasan". İlk dəfə görüşəndə mən Azərbaycan dilində danışırdım, o isə rusca cavab verirdi. Sonra danışdıq və gördüm ki, çox istiqanlı qızdır". Aktyorun sözlərinə görə, Mehriban xanımın atası əvvəlcə qızının sənət adamı ilə ailə qurmasına razılıq verməyib: "Atası demişdi ki, "sənin başın xarabdır, artistə adam qız verər? Mən qızımı ona verə bilmərəm". Sonra anamla bibimi elçiliyə göndərdim. Razılıqlarını aldıqdan sonra qayınatama dedim ki, "elə edəcəyəm, bu evin oğlu olum". Həqiqətən də belə oldu. O mənə kürəkən kimi yox, evin böyük oğlu kimi baxırdı".
Mənbə oxu.az

Oxşar Xəbərlər