Cəmiyyət
Mənzil almaq adı ilə 240 min manatlıq dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub
MİDA-dan güzəştli şərtlərlə mənzil almaq adı ilə vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Anar Həziyev, Rasim Əliyev, Şəmsiyyə İsmayılova və Ruslan Həsənovun cinayət işi üzrə məhkəmə keçirilib. Oxu.Az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Şəmsiyyə İsmayılova, Rasim Əliyev və Anar Həziyev 6 il, Ruslan Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, ittihama görə, Şəmsiyyə İsmayılova Anar Həziyev, Rasim Əliyev və Ruslan Həsənovla birlikdə vətəndaşlara MİDA-dan güzəştli şərtlərlə mənzil almaq adı ilə yalan vəd verib və onlardan külli miqdarda pul alaraq mənimsəməklə dələduzluqda təqsirləndirilirlər. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ümumi dəymiş ziyan isə 240 min manatdan artıqdır.
Mənbə
oxu.az