Kondisioner fəsadları ola bilər – Düzgün istifadə qaydası
Kondisionerin gücü otağın sahəsinə (kvadratına) uyğun hesablanaraq seçilməli və quraşdırılmalıdır. Kondisioner işləyən otaqda havanın yenilənməsi üçün koridorda və ya digər uyğun yerdə nəfəsliyin açıq saxlanılması tövsiyə olunur. Bu, otaqda hava dövranını yaxşılaşdırır və havanın daha təmiz qalmasına kömək edir.
Bu sözləri Axar.az-a açıqlamasında həkim ekspert Şahvələd Məmmədov kondisionerin ümumi sağlamlığa təsiri barədə danışarkən deyib.
Onu sözlərinə görə, cihazdan fasiləsiz, xüsusilə də gecə və ya gün ərzində uzun müddət istifadə etmək məsləhət görülmür:
“Çünki isti mühitdən soyuq mühitə tez-tez keçid orqanizmdə müxtəlif dəyişikliklərə səbəb ola bilər. Kondisionerdən düzgün istifadə edilmədikdə baş ağrısı, əzələ ağrıları, immunitetin zəifləməsi və bunun nəticəsində virus infeksiyalarına yoluxma riski arta bilər. Bundan əlavə, uzun müddət soyuq hava axınına məruz qalmaq digər sağlamlıq problemlərinə də səbəb ola bilər.
Bu səbəbdən kondisionerdən düzgün istifadə etmək, temperaturu 24–26°C səviyyəsində saxlamaq və otağın mütəmadi havalandırılmasını təmin etmək tövsiyə olunur. Kondisioneri bütün gecə və ya gün ərzində fasiləsiz işlətməkdən çəkinmək məqsədəuyğundur”.