Cəmiyyət
"Arıq, uzun kişidir, sol qolunda "Orient" saatı var..." - Buçada dəhşətli təsadüf
- Bəlkə, daha bir neçə gün gözləyəsən? Belə isti-isti Buçaya getmək arzuolunan deyil... - Sonra da əhəmiyyətli olmayacaq. Hamı çəkəndən sonra mən təkrarçılığa getməyəcəyəm ki? Elə indi əsl məqamdır, xahiş edirəm, ertələməyək. - Yaxşı... Özün necə bilirsən... - deyə əlini yelləyən Kiyev özünümüdafiə batalyonundan olan Pyotr ərincək davam etdi: - Sabah səhər 9-da elə buradan, qaldığın yerdən götürərik, - deyib sağollaşdı, maşına oturub uzaqlaşdı. Bu, yəni həmin günün səhəri 2022-ci il aprelin 4-ü idi. Rusiya ordusu Kiyev ətrafından, o cümlədən Buçadan cəmi 2-3 gün idi ki, çəkilib getmişdi. Buçadan hərbçilər tərəfindən yayılan fotolar vahiməliliyi ilə yanaşı, jurnalist marağını ən sərt maqnit kimi ora çəkirdi... Səhər saat 9:30-da biz artıq Buçaya girirdik. Daha doğrusu, avtomobili şəhərin girişindəki yeni qurulmuş postun yanında saxlayan Pyotr məsləhət gördü ki, ardını piyada davam edək. Belə həm də mənim üçün daha əlverişli idi... Çünki bir aydan artıq burada olan Rusiya ordusu ilə gedən şəhər döyüşlərindən sonra mütləq hər küçədə müxtəlif yeni kadrlar vardı... Müharibəyə qədər Ukraynanın şimalında ən turistik və kurort şəhərlərindən olan Buça həmin gün bəlkə də dünyanın ən böyük xarabalığını xatırladırdı. Təkcə girişdən başlayan və cəmi 500-600 metr davam edən bir küçədə 100-ə qədər vurulmuş hərbi texnika qalaqlanmışdı. Küçəboyu evlərin isə quru qaraltıları qalmışdı. Şəhərdə çox az insan qalmışdı. Şəhərə Rusiya ordusu girən zaman çoxu dərhal oranı tərk etmiş, digər qismi sonradan açılan "yaşıl dəhliz"lə çıxmış, bir qismi həlak olmuş və ya itkin düşmüşdü. Sonradan yerli əhalidən eşitdiyimə görə, Rusiya ordusu şəhəri Belarus istiqamətində tərk edərkən yerli əhalidən onlarla gedənlər də olub. Hansı ki, yenə yerli əhalinin dediyinə görə, o insanlar ruslar şəhərdə olarkən onların "gözü-qulağı" olublar. Şəhərdə nə internet vardı, nə də mobil rabitə tuturdu. İşıqdan, sudan, qazdan isə söhbət gedə bilməzdi. Hər yer çox qısa müddətdə dağıdılmışdı. Qalan əhali həyətlərdə ocaq qalayıb həm isinir, həm də nəsə qızdırıb qidalanırdı. 2-3 gündə Ukrayna tərəfi şəhərdəki meyitləri toplasa da, dediklərinə görə, küçələrdə hələ də meyitlər gözə dəyirdi. Amma bu, tək məsələ deyildi. Demək olar ki, hər həyətdə ölən sakinlər basdırılmışdı. Hətta bəzilərini iki-iki, üç-üç çalalardan açıb çıxarırdılar. Bəlkə də bu səbəbdən məhəllələrin arasını dəhşətli üfunət bürümüşdü. Aprel günəşi bu iyi sanki daha da qaldırırdı... Binaların arası ilə gedərək həm çəkilişlər edir, həm də qalan sakinlərdən qabağıma çıxanlarla söhbətləşib açıqlamalar alırdım. Bir həyətdə qəmgin oturan 7-8 yaşlı qız uşağı diqqətimi çəkdi. Ondan bir-iki metr aralıda 3-4 orta və yuxarı yaşlı qadın ocaq qalayıb yemək bişirirdi. Amma onlar azyaşlı qızdan fərqli olaraq, yüksək əhvalda idilər. Yanlarında dayanıb əynimdəki zirehli jileti çıxardım, kötüyün üstündə oturdum. Mənə isti çay təklif etdilər, etiraz etmədim. - Bu məhəllənin sakinlərindənsiniz, yəqin... - Evimiz elə bu binadadır... - deyə qadınlardan biri əlini yandakı gülləbaran olmuş binaya uzatdı. - Necə yaşadınız bu müddəti? Bəlkə də çətin sualdır, amma soruşmaq üçün buradayam... - Yaşamadıq. Sağ qalmağa çalışdıq. Xüsusilə son bir həftəni fasiləsiz zirzəmidə yaşamışıq. İki gündür oradan çıxmışıq. Çünki bizimkilərlə ruslar arasında hər bina uğrunda dayanmadan döyüş gedirdi, - deyə həmin qadın yenə cavab verdi. O bitirən kimi yanındakı nisbətən yaşlı qadın davam etdi: - Mən sağ qalmağıma çox şadam. Qalanı cəhənnəmə olsun. Ev, maşın... Hamısını itirdik. Bircə ərim də üzə çıxsın, qalan dərdim yoxdur. - Əriniz haradadır ki? - İndi Qalya dediyi kimi... Bir həftə əvvəl şəhərdə döyüşlər qəfil daha da qızışdı. Həmin gün ərim evdə yox, iki küçə o tərəfdə qardaşıgildə idi deyə, elə onların zirzəmisinə girdi. Arada rabitə olurdu, xəbərləşirdik, salamatlıq idi. Elə ruslar çıxmamışdan bir gün əvvəl "WhatsApp"dan şəbəkə tapıb yazdı ki, salamatlıqdır. Sonra şəhərdə tamam rabitə itdi. Getdim, baxdım, qardaşıgil də orada yox idi. Dedilər, camaatın çoxu atışma zamanı gündüz fasilədən istifadə edib zirzəmidən çıxaraq yaxınlıqdakı meşəyə sığınıb. Yəqin, mənim Mişam da ordadır. Bu gün yəqin üzə çıxar. O məni heç vaxt tək qoyub getməz, - deyə qadın əminliklə ocaqdakı qazanı qarışdırdı... - Bəs o uşaq kimdir? Bayaqdan elə oturub orada... - Qonşunun qızıdır. Yedizdirmişik. Amma tək qalmaq istəyir. Anasını itirib. Amma yəqin ki, ölüb. Çünki küçədə kim görünürdüsə, vururdular. Qonum-qonşudan kim imkan edirdisə, elə həyətdəcə gördüyü meyiti basdırırdı ki, üfunəti yayılmasın. Bu həyətlər doludur, indi onları çıxarıb meyitxanalara daşıyırlar, - deyə Qalya əli ilə həyətdə axtarışlar aparan xilasediciləri göstərib, sonra mənə yenə çay süzdü. Mən artıq içməyəcəyimi deyib durub yoluma düzəldim. Bu zaman ərini gözləyən, adı Svetlana olan qadın mənə yaxınlaşıb xahiş etməyə başladı: - Şəhəri gəzmək imkanınız var. Biz gəzə bilmirik. Gördüyünüz kimi, komendant rejimi elan ediblər şəhərdəki vəziyyətə görə... Adı Mişadır, arıq, uzun kişidir ərim... Hə, bir də sol qolunda "Orient" saatı var. Bəlkə də indi o da hansısa küçədədir və komendant rejiminə görə gələ bilmir... Onu görsəniz, xahiş edirəm, mənə çatdırmağa kömək edin. - Əlbəttə, görsəm, deyərəm, - deyib onlardan uzaqlaşdım. Pyotr və digər hərbçinin müşayiəti ilə irəliləyib çəkiliş edərək mərkəzə, kilsənin yanına çatanda xeyli adamın toplaşdığını gördüm. Bir yerqazan traktor da işləyirdi. Yaxınlaşdım. Məlum oldu ki, burada, kilsənin arxasında bir quyuda xeyli meyit tapıblar. Onları çıxarıb müəyyən edirlər. Üfunət az qala boğurdu. Xilasedicilərdən maska alıb taxdım. Bir-iki kadr çəkib bir xilasediciyə yaxınlaşaraq açıqlama verməsini xahiş etdim. Deməyinə görə, burada dayaz quyuya basdırılanların meyitləri təzədir. Görünür, şəhərin geri alınması zamanı vurulanlardır, yığıb bura basdırıb gediblər. Yaxınlarının verdikləri ilkin əlamətlərə, sonra isə DNT analizlərinə əsasən kimliklərini müəyyən edirlər. Açıqlamanın sonunda kənarda üstü örtülmüş meyiti göstərərək dedi ki, bunu müəyyən edə bilmirlər: - Təzə vurulmuşa oxşayır. Alnından vurulub. 50-55 yaşında, arıq, uzun kişidir. Qolundakı bu saatdan başqa üstündən heç nə çıxmadı, - deyə əlindəki "Orient" saatını göstərdi...
{{gallery}} Mübariz Aslanov
{{gallery}} Mübariz Aslanov
Mənbə
oxu.az