Dünya
ABŞ-də sakin bir milyard dollarlıq cekpot qazandı
ABŞ-nin İllinoys ştatının sakini məbləği bir milyard dolları ötən "Powerball" lotereyasının cekpotunu qazanıb. Oxu.Az xəbər verir ki, bu barədə tirajın təşkilatçılarının rəsmi saytında məlumat verilib. Açıqlamaya əsasən, bu, oyun tarixində böyüklüyünə görə səkkizinci uduşdur. İllinoysda satılan bilet çərşənbə axşamı çıxan altı rəqəmin hamısı ilə üst-üstə düşüb və iştirakçıya 1.04 milyard dollar məbləğində mükafat qazandırıb. Sözügedən cekpot cari ilin əvvəlindən bəri "Powerball" çərçivəsində əldə edilən ən böyük uduş olub. Qalib vəsaiti iki fərqli yolla əldə edə bilər: 450.5 milyon dollar məbləğində birdəfəlik ödəniş almaq və ya 29 il ərzində hər il ödənilən annuitet variantını seçmək. Qeyd olunur ki, hər iki halda məbləğdən vergi tutulacaq. Müqayisə üçün bildirək ki, lotereyanın mütləq rekordu 7 noyabr 2022-ci ildə qeydə alınıb. Həmin vaxt Kaliforniyadan olan Edvin Kastro 2.04 milyard dollarlıq cekpota sahib çıxmışdı. Bütün vergilər ödənildikdən sonra onun əlinə çatan xalis məbləğ bir milyard dollardan az olmuşdu.
Mənbə
oxu.az