Dünya
Sosial media fenomenləri olan Teyt qardaşları ABŞ-də saxlanıldılar
Endryu və Tristan Teyt qardaşları Böyük Britaniyanın sorğusu əsasında iyulun 18-də ABŞ-də saxlanılıblar. Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, qardaşlar Mayami şəhərində, Endryu Teytin yumruq döyüşləri üzrə turnir keçirməyi planlaşdırdığı "Ceyms Nayt" idman kompleksinin yaxınlığında nəzarətə alınıblar. Teyt qardaşlarının saxlanılmasını Böyük Britaniya Kral Prokurorluğu təsdiqləyib. London tərəfi seksual xarakterli cinayətlərdə ittiham olunan qardaşların ABŞ-dən ekstradisiyasını tələb etməyə hazırlaşır. Məlumata görə, bu ittihamlarla bağlı yeddi nəfər zərərçəkmiş qismində müraciət edib. Qeyd edək ki, qardaşların həm Böyük Britaniya, həm də ABŞ vətəndaşlığı var. Böyük Britaniyada Teyt qardaşlarına 2010-2017-ci illər arasında törədildiyi iddia olunan çoxsaylı cinayətlər üzrə ittihamlar irəli sürülüb. İttihamlar sırasına zorlama, döymə, insan alveri, pornoqrafiyanın yayılması və uşaqların iştirakı ilə ədəbsiz materialların hazırlanması kimi ağır cinayət əməlləri daxildir. ABŞ Ədliyyə Nazirliyi qardaşların ekstradisiya proseduru çərçivəsində saxlanıldığını təsdiqləyib. CNN-in mənbəsinə görə, Teyt qardaşları gələn həftə federal məhkəmə qarşısına çıxarılacaqlar. Qeyd edək ki, qardaşlar sosial mediada kişilərin şəxsi inkişafı, ənənəvi maskulinlik və feminizmin tənqidi ilə bağlı yaratdıqları kontentlə geniş populyarlıq qazanıblar. Xatırladaq ki, qardaşlar Böyük Britaniya ilə yanaşı, Rumıniyada da analoji ittihamlarla üzləşiblər.
Mənbə
oxu.az