Ukraynanın təcrübəsi alman ordusunun xeyrinədir - General
Ukrayna ilə Almaniya arasında əməkdaşlıq real döyüş təcrübəsinə malik Ukrayna Silahlı Qüvvələrinin təcrübəsini mənimsəyən Almaniya ordusunun xeyrinədir.
Axar.az xəbər verir ki, bu sözləri Almaniya Quru Qoşunlarının komandanı, general Kristian Freydinq bildirib.
O, real döyüşlərdə iştirak etmiş Ukrayna Silahlı Qüvvələrinin Avropanın təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb:
“Avropanın və Ukraynanın təhlükəsizliyi bir-biri ilə ayrılmaz şəkildə bağlıdır. Ukrayna ordusu Avropanın ən təcrübəli ordusudur və say baxımından da digər ölkələri geridə qoyur”.
General əlavə edib ki, son dörd il ərzində Almaniya ilə Ukrayna arasındakı münasibətlər getdikcə daha çox ikitərəfli mübadilə xarakteri almağa başlayıb:
“Ukraynadakı müharibədən öyrəndiklərimiz döyüş əməliyyatlarını necə aparmağımıza, buna görə də necə təşkilatlanmağımıza, texnika almağımıza və silahlanmağımıza təsir etməlidir. Biz yaxın tərəfdaşlarıq və bir-birimizi dəstəkləyir, bir-birimizə kömək edirik”.