Dünya

Havada və su altında zərbə: ABŞ yeni dron qüvvəsini işə salır

14 Aug 2026, 05:00 1 baxış
Havada və su altında zərbə: ABŞ yeni dron qüvvəsini işə salır
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) öz tarixində ilk dəfə zərbə pilotsuz uçuş aparatlarından ibarət çoxmillətli "Task Force Falcon Strike" qruplaşmasının yaradıldığını elan edib. Oxu.Az xəbər verir ki, bu barədə komandanlığın "X" sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib. Bəyanatda deyilir ki, yeni bölmə havada, su səthində və su altında fəaliyyət göstərən birtərəfli zərbə pilotsuz sistemlərindən istifadə edəcək. Bölmənin heyətinə amerikalı hərbçilərlə yanaşı, ABŞ-nin Yaxın Şərqdəki tərəfdaş ölkələrinin nümayəndələri də daxil olacaq. CENTCOM-un komandanı admiral Bred Kuper bəyan edib ki, yeni qruplaşma doqquz ay əvvəl yaradılmış və Yaxın Şərqdə ilk ixtisaslaşdırılmış zərbə dronları eskadronu olan "Scorpion Strike" bölməsinin inkişaf etdirilmiş forması olacaq. Onun sözlərinə görə, ABŞ artıq regional tərəfdaşlarla məsləhətləşmələrə başlayıb. Tərəfdaş ölkələr qoşulduqca yeni qruplaşmanın imkanları genişlənəcək və regionda vahid çoxmillətli çəkindirmə sistemi formalaşdırılacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər