Dünya
KİV: Niderlandda 2 600-dən çox qız uşağı qadın sünnəsi riski ilə üz-üzədir
Niderlandda 2 600-dən çox qız uşağı qadın sünnəsi təhlükəsi ilə üz-üzədir. Bu səbəbdən ölkə hakimiyyəti onların müdafiəsi ilə bağlı tədbirləri gücləndirməyi planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə NOS telekanalı ekspertlərə istinadən məlumat yayıb. Bildirilib ki, risk xüsusilə yay tətili dövründə artır. Belə ki, ailələr istirahət və ya qohumlarını ziyarət etmək məqsədilə Somali və Sudan kimi qadın sünnəsi praktikasının geniş yayıldığı mənşə ölkələrinə səfər edirlər. Beynəlxalq hüquq üzrə ekspert Annemari Middelburq bildirib ki, onilliklərdir Niderlandda yaşayan və ölkə vətəndaşlığına malik olan ailələr belə, mənşə ölkələrinin bəzi ənənələrini qoruyub saxlayırlar. Ekspert qızların qohumlarının təzyiqi ilə üzləşdiyini vurğulayaraq, müəllim və həkimləri ehtiyatlı olmağa çağırıb. Onun sözlərinə görə, uşaqların qarşıdan gələn "bayram" və ya "böyümə mərasimi" barədə danışması potensial təhlükədən xəbər verə bilər. Middelburq risk şübhəsi yarandıqda tətbiq edilə biləcək sərt hüquqi mexanizmlər təklif edib: - Uşağın pasportunun müvəqqəti müsadirə edilməsi. - Ölkədən çıxışına qadağa qoyulması. - Riskli qohumlarla əlaqələrin məhdudlaşdırılması. Niderland Ədliyyə Nazirliyi hazırda məsələni araşdırır və yekun mövqeyini 2027-ci ilin əvvəlinə qədər açıqlayacaq. Qeyd edək ki, qadın sünnəsi tibbi göstəriş olmadan xarici qadın cinsiyyət orqanlarının qismən və ya tam çıxarılmasıdır. Bu qeyri-insani praktika Somali, Sudan, Mali, Misir və Eritreya daxil olmaqla bir sıra Afrika ölkələrində geniş yayılıb.
Mənbə
oxu.az