Dünya
"Atletiko" Xulian Alvaresi "Barselona"ya satmaqdan İMTİNA ETDİ
İspaniyanın "Atletiko Madrid" klubunun argentinalı forvardı Xulian Alvares cari yay transfer pəncərəsində Madrid komandasından ayrılmayacaq. Oxu.Az xəbər verir ki, bu məlumatı jurnalist Fabritsio Romano "X" sosial şəbəkə hesabında "Atletiko"nun baş direktoru Migel Anxel Xilə istinadən paylaşıb. Romano mayın 29-da "Barselona"nın Alvaresin keçidi üçün "Atletiko"ya 100 milyon avro təklif etdiyini xəbər verib. Hücumçunun müqaviləsindəki sərbəstqalma təzminatı isə 500 milyon avroya bərabərdir. "Mənim və klubun mövqeyi tamamilə bəllidir. Biz bu qərarı futbolçuya, onun agentlərinə və "Barselona"nın rəhbərinə çatdırmışıq. Xulianın "Atletiko" üçün ideal mərkəz hücumçusu olduğuna, "Atletiko"nun isə onun üçün ən uyğun məkan olduğuna qətiyyən şübhə etmirəm. Biz onun satışında maraqlı deyilik. 100 milyon avroluq təklifi rədd etmişik və nə 150 milyon, nə də 200 milyon avroluq təklifləri qəbul edəcəyik", - deyə baş direktor vurğulayıb. Qeyd edək ki, 26 yaşlı Alvares 2024-cü ildən "Atletiko"nun formasını geyinir. Hücumçu Argentina milli komandasının heyətində meydana çıxdığı 58 qarşılaşmada 15 dəfə fərqlənib və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, yığma ilə birlikdə 2022-ci ildə dünya çempionu olub, həmçinin Amerika Kubokunun (2021, 2024) və Finalissimanın (2022-ci il, Cənubi Amerika və Avropanın ən yaxşı yığmalarının matçı) qalibi olub.
Mənbə
oxu.az