Dünya
Pakistan və Çin Ümumdünya Süni İntellekt Əməkdaşlığı Təşkilatı yaradırlar
Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Ümumdünya Süni İntellekt Əməkdaşlığı Təşkilatının (WAICO) yaradılmasını "əla təşəbbüs" adlandırıb. Oxu.Az xəbər verir ki, "Sinxua" agentliyinin məlumatına görə, bu bəyanat Şanxayda Ümumdünya Süni İntellekt Konfransının (WAIC) açılışı ərəfəsində Çinin xarici işlər naziri Van İ ilə görüşdə səsləndirilib. Pakistan rəsmisi konfransda iştirak etmək və WAICO-nun təsis edilməsi haqqında sazişi imzalamaq üçün Şanxaydadır. Onun sözlərinə görə, Pakistan təşkilatın təsisçilərindən biri olmasından qürur duyur və süni intellekt sahəsində Çinlə əməkdaşlığı gücləndirməyə ümid edir. Van İ öz növbəsində vurğulayıb ki, Pakistanın WAICO-ya qoşulması Pakistan dövlətinin və onun xalqının uzunmüddətli maraqlarına xidmət edəcək. Çinli nazir əlavə edib ki, rəsmi Pekin qurumun təsis olunmasını beynəlxalq konsensusa nail olmaq, praktiki əməkdaşlığı inkişaf etdirmək və potensialı artırmaq məqsədi ilə dəstəkləyir. Agentliyin məlumatına görə, təşkilatın əsas hədəflərindən biri bütün ölkələrə, xüsusən də Qlobal Cənub ölkələrinə süni intellektin inkişafından bərabər şəkildə faydalanmaq imkanları yaratmaq olacaq. Qeyd edək ki, WAIC konfransı 2018-ci ildən etibarən mütəmadi olaraq Çində təşkil edilir. Budəfəki konfrans "Parlaq gələcək üçün süni intellekt sahəsində tərəfdaşlıq" mövzusuna həsr olunub.
Mənbə
oxu.az