Dünya
Rusiyalı alimlərdən elmi kəşf: Altı yeni hörümçək növü aşkarlandı - FOTO
Rusiyalı zooloqlar Cənub-Şərqi Asiya və Avstraliya ərazisində elmə indiyədək məlum olmayan 6 yeni ağac ovçu hörümçək növü müəyyən ediblər. Bununla yanaşı, tədqiqatçılar "Pandercetes" cinsinə daxil olan hörümçəklərin coğrafi yayılması ilə bağlı uzun müddətdir davam edən yanlışlıqları aradan qaldırıblar. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi açıqlayıb. Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Biomüxtəliflik üzrə Federal Elmi Mərkəzinin əməkdaşı M.M.Omelko və Altay Dövlət Universitetinin təmsilçisi A.A.Fomiçev "Sparassidae" fəsiləsindən olan "Pandercetes" cinsli ağac hörümçəklərinə dair genişmiqyaslı tədqiqat dərc ediblər. Alimlərin əsas nailiyyəti Cənub-Şərqi Asiyada elm üçün yeni olan altı növün təsvir edilməsidir. Bu hörümçəklər ağac qabığı, mamır, şibyə və quru yarpaqlar kimi görünərək mükəmməl kamuflyaj olunur və fəal ovçu hesab edilirlər. Onlar tor qurmur, əvəzində qurbanlarını aktiv şəkildə axtararaq həşəratları qəfil sıçrayışla tuturlar. Qeyri-adi xüsusiyyətlərinə baxmayaraq, "Pandercetes" ovçu hörümçəkləri "Sparassidae" fəsiləsinin digər nümayəndələrinə nisbətən daha az öyrənilib və bəzi növlər yalnız bir neçə nüsxə əsasında məlumdur. Tədqiqat zamanı təsvir olunan 6 yeni növ bunlardır: P.batak və P.barisanensis (Sumatra, İndoneziya), P.cheemai (Laos), P.mindanaoensis, P.jaegeri və P.bataanensis (Filippin). Qeyd edək ki, bunlar Laos, Filippin və Sumatra ərazilərində sözügedən cinsə aid ilk tapıntılardır. P. cheemai növü isə bütün cinsin arealı üzrə ən şimal nöqtəsinin sakini kimi qeydə alınıb. "Tədqiqat sadəcə yeni növlərin təsviri ilə məhdudlaşmayıb. Müəlliflər köhnə məlumatların tənqidi yoxlanışını həyata keçirərək, elmi kataloqlarda uzun müddət yer alan coğrafi xətaları da düzəldiblər", - deyə nazirliyin mətbuat xidmətindən bildirilib. Rusiyalı alimlər həmçinin Pandercetes cinsini digər qohum cinslərdən dəqiq şəkildə ayırıblar. Bundan əlavə, elmi işdə hörümçəklərin bioloji xüsusiyyətlərinə də toxunulub: bu canlılar ağac qabıqlarında pusqu quraraq yaşayır, dişilər yumurta baramalarını qoruyur, bədənləri və ayaqları isə gizlənməni asanlaşdıran xüsusi tüklərlə örtülüdür. Tədqiqat Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər