Dünya
Los-Ancelesdə zəhərli hava təhlükəsi
ABŞ-nin Los-Anceles şəhərinin Boyl-Hayts rayonunda aparılan hava keyfiyyəti testinin nəticələri zəhərli birləşmələrin mövcudluğunu təsdiqləyib. Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat verib. Qeyd edilir ki, aşkarlanan maddələr "Lineage" anbarında saxlanılan parçalanmış (çürümüş) qida materiallarının buxarlarına uyğun gəlir. Aşkarlanan konsentrasiyalar fövqəladə vəziyyət elan olunması üçün zəruri olan maksimum həddə çatmasa da, onlar yerli sakinlərdə selikli qişanın qıcıqlanmasına, başağrılarına və sağlamlıqla bağlı digər problemlərə səbəb ola bilər. Şəhər sakinləri illərdir ərazidə dözülməz qoxudan şikayətlənirlər. Yerli sakinlərdən bir qadının sözlərinə görə, anbarın yaxınlığındakı şərait yaşam üçün qəbuledilməz hala gəlib. "Orada siçanlar, milçəklər var. Qoxu dəhşətlidir. Sığorta şirkətləri ev sahiblərinə kömək etmirlər", - deyə o bildirib. Yerli fəallar Kaliforniya qubernatoru Gevin Nyusoma müraciət ediblər. Onlar zərər görmüş ailələrə müvəqqəti mənzil xərcləri üçün kompensasiya almağa imkan verəcək məcburi təxliyə rejiminin tətbiqini tələb edirlər.
Mənbə
oxu.az