Dünya
Jirinovskinin nikahdankənar oğlu atalığın müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etdi
Rusiya Liberal Demokrat Partiyasının (LDPR) təsisçisi Vladimir Jirinovskinin nikahdankənar oğlu Oleq Jirinovski prosessual və ailə qanunvericiliyinin normalarının yoxlanılması xahişi ilə Rusiyanın Konstitusiya Məhkəməsinə müraciət edib. Oxu.Az bu barədə "Kommersant" nəşrinə istinadən xəbər verir. Oleq Jirinovski hesab edir ki, mövcud qanunvericilik normaları əmlak tələbi eyni vaxtda irəli sürülmədiyi təqdirdə, məhkəmələrə atalığın müəyyən edilməsi məsələsinə baxmağa imkan vermir. Daha əvvəl məhkəmələr onun ərizələrinə baxsa da, qərarlar dəfələrlə ləğv edilib. Kabardin-Balkarda atalıq faktı əvvəlcə xüsusi icraat qaydasında təsdiqlənsə də, sonradan yuxarı instansiya məhkəməsi hüquqla bağlı mübahisənin olduğunu əsas gətirərək bu qərarı ləğv edib. Daha sonra Moskvanın Nikulin Məhkəməsi iddianı təmin etsə də, Moskva Şəhər Məhkəməsi belə bir tələbin əmlak iddiası olmadan nəzərdən keçirilə bilməyəcəyini əsas gətirərək qərarı yenidən ləğv edib. LDPR təsisçisinin oğlu miras və ya digər əmlak hüquqlarına iddialı olmadığını bildirir. Onun sözlərinə görə, atalığın tanınması Vladimir Jirinovskinin xatirəsini və adını qorumaq, həmçinin öz ailə mənsubiyyətini təsdiqləmək üçün vacibdir.
Mənbə
oxu.az